İdeal bədən və əzələ quruluşuna sahib olmağımızda üzgüçülük xüsusi əhəmiyyətə malikdir. Yaxşı bir üzgüçü olmaq üçün çəkməli olduğunuz zəhməti də nəzərə alsaq, üzgüçülüyün nə qədər çətin idman növü olduğunu anlayarıq. “Zirvə”çi Leyla Məmmədzadə də yaşı az olmasına baxmayaraq bu çətinliklərə alışmış idmançıdır. 2007-ci ildə iyunun 25-də Ağstafa rayonunda anadan olan gənc üzgüçümüz daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb. Artıq 1 ildir üzgüçülüklə məşğul olan Leyla, qazandığı uğurlar üçün müəlliməsinə minnətdardır.
Leyla “Zirvə” Beynəlxalq İdman Klubunun ilk üzgüçülük yarışında qalib adını qazanmışdı. O, bununla kifayətlənmir və yenidən çempion olmaq arzusundadır.
Leylanın anasının sözlərinə görə, onun üzgüçülüyə gəlməsi həkim məsləhəti ilə olub və qızının qazandığı uğurlar valideynlərində də maraq yaradıb.
Məşqçisi Sevda Cəfərova isə tələbəsindən tək daxili deyil, həm də xarici çempionatlarda uğurlar gözlədiyini vurğulayıb.