“Zirvə” yenidən Avropanın zirvəsindədir!

zir-avr

Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi başa çatdı. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış etdi.

Bu turnirdə Azərbaycan milli komandası da iştirak etdi. Yığmamızın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri idi. Bu da öz müsbət effektini qısa zamanda verdi.

Qızların yarışında cəmi bir idmançımız iştirak edirdi. “Lənkəran-Zirvə” təmsilçisi Səbinə Əzimova yaşı 15-ə qədər olan qızların 53 kq çəki dərəcəsindəki medal mübarizəsinə uğurla qoşuldu. O, birdən qaldırma hərəkətində 72 kq, təkanla qaldırma hərəkətində isə 91 kq başı üzərinə qaldırdı. Toplamda 167 kq (72+95) nəticə göstərən “Zirvəçi” qızımız həm yekun sıralamada, həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərinin qabaqlayaraq qızıl medal əldə etdi.


Bu üç medalın əhəmiyyəti yarışın sonunda bilindi. Belə ki, Səbinə Əzimovanın bu nəticəsi ilə Azərbaycan milli komandası Avropa birinciliyinin medal sıralamasında 3-cü yeri tutdu. Yığmamız cəmi bir idmançı ilə Avstriya, Ermənistan, Macarıstan, Bolqarıstan və Polşa kimi ölkələri arxada qoymağı bacardı.
Səbinənin qələbəsini bununla da yekunlaşmır. Lənkəranlı atletimiz yaşı 15-ə qədər olan qızların xal sıralamasında Avropanın ən yaxşısı elan olunub. Belə ki, Sinkleyr cədvəli ilə 252.9 xal toplayan Əzimova bütün yarış iştirakçılarından güclü olduğunu sübut edib. İlk böyük beynəlxalq yarışında belə çıxış edən qızımızı yalnız alqışlamaq olar. Fantastik çıxışdır! “Zirvə” Beynəlxalq İdman Klubunun son illərdə yetişdirdiyi elit idmançılar sırasında artıq onun adı da var. Azərbaycanın lider klublarından birinin gördüyü iş, çəkilən əziyyətin bəhrəsi məhz budur. Ölkə idmanına xidmət edirik və belə uğurları gördükcə, daha da ruhlanır, işimizi daha həvəslə həyata keçiririk. “Zirvə”nin səsi ənənəvi olaraq zirvələrdən gəlir, bundan sonra da gələcək. Səbinə Əzimovanı və məşqçilərini bu gözəl qələbə münasibətilə bir daha təbrik edir, növbəti yarışlarda da fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasını arzulayırıq.
Yaşı 15-ə qədər olan oğlanların mübarizəsində də komandamız uğur qazan bildi. Ümidvar Bayramlı və “Abşeron-Zirvə” təmsilçisi Almazxan Səfərovun aktivlərinə yazdıqları bürünc medallar, Azərbaycan yığmasını Avropanın ən yaxşıları sırasına çıxarıb. Belə ki, bu qrupda iştirak edən atletlərimiz və onların qazandıqları xallar sayəsində ölkəmiz komanda hesabında 3-cü yeri tutub. Polşa və Türkiyədən sonra bütün yığmalardan güclü olan Azərbaycan millisi 4-cü olan düşmən Ermənistanı burada da qabaqlayıb. Tarixən ağır atletikada uğurlar qazanan və böyük yarışlarda yeganə ümid yerləri olan ermənilərin bu növdəki hegemonluğuna Azərbaycan son qoymaqdadır. Xüsusilə də istedadlı gənc nəslin yetişməsi bu tendensiyanın davamlı olacağına işarədir.

Yaşı 17-yə qədər olan dimançıların yarışında da “Zirvə” BİK-nin nümayəndəsi vardı. “Yevlax-Zirvə” təmsilçisi Hüseyn İsmayılov 85 kq çəki dərəcəsində fərqləndi. O, bu çəkidə birdən qaldırma hərəkətində qızıl medala layiq görüldü. Toplamda isə 5-ci yerə çıxdı.

“Zirvə”nin ölkə xaricindəki filiallarının da uğurlu çıxışını qeyd etmək lazımdır. Yaşı 15-ə qədər olan qızların mübarizəsində 53 kq çəki dərəcəsində iştirak edən “Ankara-Zirvə” təmsilçisi Qamze Yayla bürünc medal qazanıb. O, 72 kq-la birdən qaldırmada 2-ci, 86 kq-la təkanla qaldırmada 3-cü, toplamda 158 kq (72+86) ilə yekun sıralamda 3-cü yeri tutmuşdu.

Yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 85 kq çəki dərəcəsində isə birdən-birə üç idmançımız körpücük üzərinə çıxdı. “Abşeron-Zirvə” atleti Hüseyn İsmayılov, “Terespol-Zirvə” atleti Mateuş Skulimovski və “Jidaçiv-Zirvə” atleti İqor Obuxov medal mübarizəsinə qoşuldular. Qazanılan nəticələr möhtəşəm idi. İsmayılov Hüseyn toplamda 300 kq (139+161) nəticə yekun sıralamada da 4-cü olsa da, birdən qaldırmada Avropanın ən yaxşısı oldu.
Polşalı atletimiz Mateuş Skulimovski birdən qaldırma hərəkətində 137 kq, təkanla qaldırma hərəkətində 164 kq nəticə göstərib və hər iki hərəkətdə bürünc medal qazandı. “Terespol-Zirvə” atleti toplamda 301 kq (137+164) nəticə ilə isə Avropa birinciliyində 2-ci yerə çıxdı.

Qızıl medal isə daha “Zirvə” atleti, Ukrayna təmsilçisi İqor Obuxova qismət oldu. Bu ilin aprelində Perunun paytaxtı Limada yeniyetmələrin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan gənc ağırlıqqaldıranımız bu dəfə də gözəl çıxış etdi. Maraqlıdır ki, Obuxov birdən qaldırma hərəkətində 136 kq-la yalnız 4-cü olmuşdu. Ancaq təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək həm bu hərəkətdə, həm də yekunda hamını qabaqlayıb. Toplam 317 kq (136+181) nəticə ilə İqor qızıl medala sahib çıxdı.

Iqor Obuxov bu nəticə ilə həm də Avropa birinciliyində yaşı 17-yə qədər olan idmançılar arasında ən yaxşıların sırasına daxil ola bilib. 381.7 xal toplayan “Jidaçiv-Zirvə” atleti turnirin 3-cü ən yaxşı idmançısı adına layiq görülüb. Onu təbrik edirik!
Peşəkar idmançılar tərəfindən təsis edilən, qarşısına ölkə idmanının inkişafına dəstək məqsədini qoyan “Zirvə” Beynəlxalq İdman Klubu, ümummilli lider, mərhum prezident Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğı siyasətinin yanında olduğunu, atdığı addımlarla gələcəkdə də dəstəyini davam etdirəcəyini göstərir.

SHARE