“Zirvə oyunları” Futbol

5-12 may tarixləri arasında “AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ”I “ZİRVƏ” OYUNLARI” keçirildi. Ölkəmizdə idmana yüksək səviyyədə göstərilən qayğı və diqqətin davamı kimi keçirilən bu yarış böyük uğurla keçdi və xüsusi rəğbət qazandı.

“Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatıldığı bu yarış, həm də ilkin xarakter daşıdı. Bundan sonra mütəmadi keçirilməsi nəzərdə tutulan Oyunlar, klubumuzun gələcəyində böyük əhəmiyyət daşıyacaqdır.

İlk Oyunlarımızda 4 idman növü üzrə yarışlar keçirildi. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir.

Mayın 10-da klubumuzun əsas bazası olan “AAAF PARK” Yaışayış Kompleksinin meydançalarında futbol yarışı keçirildi. Gənc məşqçimiz Fuad Cəfərovun rəhbərlik etdiyi turnirdə 4 komanda iştirak etdi.

Abşeron yarımadasının müxtəlif bölgələrindən toplanan futbolçularımız maraqlı mübarizə şəraitindən keçən yarışda qüvvələrini sınadılar. Matçların gedişində aşkar göründü ki, klubumuzun bu gənc üzvlərinin böyük gələcəyi var və yaxın gələcəkdə onların adları beynəlxalq arenalarda keçirilən ayrışlarda səslənəcəkdir. “Zirvə” İdman Klubunun rəhbərliyinin yaratdığı şərait nəticəsində, idmançılarımız məşq etmək üçün hər cür imkan əldə ediblər. Bunun nəticəsidir ki, “zirvəçilər” Respublika səviyyəli müxtəlif turnirlərdə iştirak edir və qələbəylə qayıdırlar.

I “ZİRVƏ OYUNLARI”nın qalibi adını isə “Abşeron-Zirvə-1” komandası qazandı.

Yarışlarımızda iştirak edən bütün futbolçulara xatirə hədiyyələri təqdim edildi. Qaliblər isə fəxri diplom, medallar və kubokla təltif olundu. Mükafatları klubumuzun sədri Azad Mustafayev və Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmiralıyev təqdim etdi.

SHARE