“Zirvə Liseyi”ndən nümunəvi addım: “Yaşıllığı qoruyaq” marafon aksiyası!

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə Liseyi” həmişə maraqlı və gündəmə uyğun addımları ilə seçilib. Bugünlərdə kollektiv daha bir nümünəvi addım atıb.

Belə ki, Liseyin “1 A” sinfinin ibtidai sinif müəlliməsi Elnurə Mirzəyeva şagirdləri ilə birlikdə “12 May – Ekoloji Təhsil Günü” münasibətilə “Daha çox yaşıllaşdıraq – Yaşıllığı qoruyaq” marafon aksiyası keçiriblər. Onlar xüsusi – yaşıl geyimdə paytaxt Bakının qədim hissəsi “İçərişəhər”ə gedərək təbliğat xarakterli kiçik bir yürüş ediblər. Ekoloji aksiya barədə müəllimə Elnurə Mirzəyeva məlumat verdi:

“Daha çox yaşıllaşdıraq – Yaşıllığı qoruyaq” başlığı altında keçirdiyimiz marafon aksiyasının əsas səbəbi “12 May – Ekoloji Təhsil Günü” ilə bağlıdır. İçərişəhərdən başladığımız aksiya ilə yüzlərlə insanın diqqətini çəkdik. Özümüzü onlara “ağaclar” olaraq təqdim etdik. Dünyanın müxtəlif yerlərindən gələn turistlər də bizə qoşuldular.

Günü-gündən inkişaf edən Azərbaycanımızın sağlam inkişafı üçün yaşıllığın qorunması və artırılmasında hər birimizin əməyinin olması vacibliyini bildirirəm. Bu sahəyə diqqətimizi təkcə xüsusi günlərdə yox, həmişə artırmalıyıq.

Ağaclar insan həyatı qurtarır. Gəlin, Azərbaycanımızı uzunömürlü edək!

Bu aksiyada bizə dəstək olan Lisey rəhbərliyinə və valideynlərə minnətdarıq. Eyni zamanda “Zirvə Liseyi”nin yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin rəhbərliyinə də burada yaşıllığa bu qədər diqqət ayrıldığı üçün dərin təşəkkürümüzü bildiririk.

AAAF Media olaraq bu işimizi işıqlandırdığınız üçün sizə də təşəkkür edirik!

SHARE