“Zirvə” Liseyində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi

Bu gün Azərbaycanın hər yerində olduğu kimi AAAF Park Yaşayış Kompleksindəki “Zirvə” Liseyində də ümummilli lider, məhrum prezident Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbirdə liseyin şagird və müəllim heyəti iştirak etdi.
Giriş sözlərindən sonra Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra liseyin tarix müəllimi Əli Yusubov H.Əliyevin həyat və fəaliyyəti haqda geniş məlumat verdi. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.

Daha sonra prezentasiya təqdim olundu. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən illüstrasiyalar göstərildi. Dahi rəhbərin Azərbaycan xalqının yaxşı rifahının qurulmasında, ölkəmizdə sabitliyin bərqərar olmasında, təhsil, tibb və iqtisadiyyatımızın inkişafındakı böyük rolu nümayiş etdirildi.

Sonda şagirdlər öz fikirlərini bildirdilər. Onlardan biri ümummilli liderin anım günündə onun məşhur sözlərini xatırlatdı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”

SHARE