“Zirvə” liseyində son zəng sədaları

AAAF Parkda yerləşən “Zirvə” liseyində ikinci tədris ilinin yekun tədbiri keçirilib. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə 15 iyun – Qurtuluş gününə də yer verilib, liseyin direktoru Əmirastan Nəbiyev bütün kollektivi həm qarşıdan gələn bayram, həm də tədris ilinə yekun vurulması münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor Azərbaycan və rus bölməsində təhsil alan ibtidai siniflərlə yanaşı, yuxarı sinif şagirdlərinə göstərdiyi yüksək nəticələrə görə fəxri fərman və tərifnamələr təqdim edib, hər biri ilə fərdi xatirə şəkli çəkdirib. Bundan əlavə, siniflərarası futbol yarışında birinci yerə çıxanlara, qrup məşğələlərinin sınaq imtahanlarında ən yüksək nəticə göstərənə və informatika fənni üzrə “ Gəlin, sürətli yazaq” yarışının qaliblərinə də fəxri fərmanlarla sertifikatlar təqdim olunub. Daha sonra ibtidai sinifləri bitirib 5-ci sinifə qədəm qoyan şagirdlərə tədris ilindən xatirə olaraq kollektiv fotoların yer aldığı albomlar təqdim olunub və sinif rəhbəri təbriklərini səsləndirib. Liseyin direktoru tədbir münasibətilə kollektivə olan ürək sözlərini AAAF TV vasitəsilə çatdırıb. Tədbirin davamında aparıcı Elnurə Mirzəyeva “Qurtuluş günü”nün mahiyyəti barədə məlumat verib, bu günün önəmini açıqlayıb. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi xəttinə həsr olunmuş videorolik təqdim olunub. Tədbir 1-ci siniflərin Ulu Öndərə həsr olunmuş şeirlə və “Azərbaycanım” mahnısına həsr olunmuş, yallı elementləri ilə zəngin rəqslə davam edib. Tədbirin ən maraqlı hissəsi isə 3-cü sinif şagirdlərinin ifa etdiyi “Sudan gələn sürməli qız” rəqsi olub. Tərəkəmə milli rəqsi də diqqət çəkib. Vətənə, torpağa, bayrağa, müstəqilliyə, azadlığa həsr olunmuş şeirlər səsləndirən ibtidailər vətənpərvərlik hisslərini ifadə ediblər. “Kəmalə” rəqsinin ifasından sonra tədris ilinin son zəngi çalınıb və tədbirə yekun vurulub. Liseydə ilk tədris ilini uğurla başa vuran birinci siniflər də öz həyəcan və sevincləri barədə AAAF TV-yə danışıblar. Biz də öz növbəmizdə, “Zirvə” liseyinin ikinci tədris ilini müvəffəqiyyətlə sonlandıran şagirdlərə uğurlar arzulayır, onların təhsil sahəsində yüksək nəticələr göstərməsini diləyirik.

SHARE