“Zirvə” Liseyində ilk “Son zəng” çalındı – VİDEO

Dayanın, çalmayın sonuncu zəngi
Yoxsa, ürəyimə toxunacaqdır...
Bəxtiyar Vahabzadə

Mayın 29-da AAAF Park Yaşayış Kompleksinin əsas tədbir zalında böyük həyəcan və qələbəlik vardı. Cəmi bir ildir fəaliyyətə başlayan “Zirvə” Liseyində son zəng çalınacaqdı.

“Zirvə Liseyi” – texniki, humanitar və idman təmayüllü olaraq üç istiqaməti özündə birləşdirməsi baxımından təhsil sahəsində ilkə imza atıb. Bu mənada Respublikamızda yeganə və analoqu olmayan orta təhsil müəssisəsidir.

Bu bir ildə ən yüksək səviyyədə olduğunu sübut edən təhsil ocağı ilk məzunlarını yola salır, birincilərə isə ilk dərs ilinin bitimi münasibətilə təbrik edirdi. Zaldakı bütün uşaqların simasındakı hissləri görməyə dəyərdi. İnsan istər-istəməz öz məktəb illərini yada salır, xoş xatirələrə dalırdı.

Tədbir həm də “28 May – Respublika Günü”nə həsr olunmuşdu. Azərbaycan Respublikasının Dövlət Himni çalınandan sonra çıxış etmək üçün söz Liseyin direktorun Əmiraslan Nəbiyevə verildi. O, əvvəlcə Respublika Günü haqda danışaraq bu günün çox əlamətdar olduğunu, Azərbaycan xalqının Şərqdə ilk demokratik dövlət quran bir xalq olaraq fəxr etməyə layiq olduğunu bildirdi. Daha sonra direktor Liseyin ilk məzunlarına qarşıdakı həm tədris, həm də həyat imtahanlarında uğurlar arzuladı.

Sonra bədii hissəyə keçildi. İstər 1-ci, istər 9-cu, istərsə də digər sinif şagirdlərinin ifasındakı şeirlər, mahnılar, rəqslər və digər ifalar çox emosional alındı və bizə xoş anlar bəxş etdi. Zala toplaşan valideynlər, müəllim və rəhbər heyəti, həmçinin məktəblilərin özü üçün bü gün unudulmaz bir xatirəyə çevrildi.

Sonda məzunlarımız olan 9-cu sinif şagirdləri Liseyin “Bilik açarı”nı “birincilər”ə təqdim etdilər.

Son zəng çalındı…

Dayanın, çalmayın sonuncu zəngi
Yoxsa ürəyimə toxunacaqdır…

SHARE