AAAF Parkın nəzdində fəaliyyət göstərən “Zirvə” liseyində bu həftə birinci sinif şagirdlərinin “Biz dünyanın sevinciyik” adlı əlifba şənliyi baş tutub. Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən birinci siniflər, heykəlin qarşısına gül dəstələri qoyub şeirlər səsləndirərək Ulu öndəri yad ediblər.
Şənlikdə liseyin rus Azərbaycan bölməsinin birinciləri iştirak edib, uzun müddətdir hazırlıq görülən tədbir valideynlərin və balacaların ürəyincə olub. Belə ki, tədbir müəllimlərin təqdimat xarakterli çıxışı ilə başlayıb. Bütün birinci siniflər o cümlədən valideyn və müəllim heyəti Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər.
Daha sonra şagirdlər Qara Qarayevin “Vals” sədaları altında ana dilə, azadlıq, müstəqilliyə həsr olunmuş ana vətənə, yurda sevgidən bəhs edən şeirlər söyləyiblər. Uşaqlar tədbirin gedişatında yallı elementlərindən istifadə olunmuş rəqs ifa ediblər. Şənliyin ən maraqlı hissəsi isə “O olmasın bu olsun” tamaşasından musiqili səhnəcik idi.
Əlifba şənliyinin iştirakçıları kitabların dəyərinə, düşüncəyə, təfəkkürə aid atalar sözü və aforizmlər söyləyiblər. Daha bir maraqlı məqam isə “odunçunun nağılı” adlı səhnəcik olub. “Odunçu”, “Qoz ağacı”, “Qızıl ağac” və digər nağıl qəhrəmanlarının canlandırıldığı səhnəcik yaşıllığı qorumaq, təbiətə qarşı rəhmli və düşüncəli davranmaq, ona dəyər verib sevmək kimi bir çox müsbət keyfiyyətlər aşılayır. Şənliyin davamında “Tülkü və cücə” səhnəciyi də diqqət çəkib.
Əlamətdar günün yekununda valideynlər şənliklə bağlı təəssüratlarını və bütün şagirdlərə arzu və təbriklərini AAAF TV ekranları vasitəsilə çatdırıblar.
Birinci siniflər isə onlar üçün ilk olan “Əlifba bayramı” həyəcanı və sevinclərini bölüşüblər.
Sonda şagirdlərə hədiyyələr təqdim olunub, təşkilatçı öz ürək sözlərini, təşəkkür və təbrikini dilə gətirərək tədbirə yekun vurub. Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olacaqlar.