AAAF Parkda yerləşən “Zirvə” liseyində iki məktəb və bir liseyin iştirak etdiyi müsabiqənin “Fənnlərin dostluğu” adlı ikinci – sonuncu mərhələsi may ayının 10 – da keçirilib. Heydər Əliyevin doğum gününün 83-cü ildönümünə həsr olunmuş yarışda Xırdalan şəhəri 5 saylı tam orta məktəbin “Evklid”, Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbin “Qarabağ”, liseyin şagirdlərindən ibarət “Zirvə” komandaları iştirak edib, final mərhələsinə yalnız “Evklid” və “Zirvə” komandaları keçid qazanıb. Müxtəlif fənlərlə bağlı bir çox sualın yer aldığı müsabiqədə şagirdlərin elmi biliklərini yoxlamaqla yanaşı, yaddaş və diqqət məsələlərinə də yer verilib. Liseyin müdiri Əmirastan Nəbiyev yarışın mahiyyəti barədə AAAF TV – yə müsahibəsində qeyd edib.
Müsabiqənin gedişatında “Zirvə” liseyinin 7A sinifinin şagirdi Yusubov Hüseyn qarmonda “Köhnə Tərəkəmə” milli rəqs havasını ifa edib. 8-ci siniflər arasında keçirilən yarışda bütün komandalar fəal iştirak edib, müsabiqə ilk mərhələdə də üstünlüyü ələ alan “Evklid” kollektivinin qalibiyyəti ilə nəticələnib. Hər üç komanda yarış haqqında təəssüratlarını, qələbə və məğlubiyyət hisslərini AAAF TV – ilə bölüşüb.
Müsabiqənin yekununda “Zirvə” liseyinin 4A sinifinin şagirdi Müjgan Nurəlizadə “Turacı” Azərbaycan milli rəqsini ifa edib.
Bilik yarışında iştirak edən hər üç kollektivinin rəhbərinə gül və “Fəxri fərmanlar” təqdim olunub. Şagirdlər arasında elmi inkişaf etdirmək, əməkdaşlığı və rəqabəti yüksək səviyyəyə qaldırmaq məqsədini özündə daşıyan bilik yarışının qaliblərini təbrik edir, iştirak edən bütün şagirdlərin uğurlarının davamını arzu edirik.