“Zirvə” liseyində bilik yarış keçirilib

AAAF Parkda yerləşən “Zirvə” liseyində “Riyaziyyat elmlərin şahıdır” adlı iki turda keçiriləcək yarışın birinci mərhələsi baş tutub. Yarışın məqsədi şagirdlər arasında əməkdaşlığı inkişaf etdirmək, onların elmə marağını artırmaq və kollektiv fəaliyyətin üstünlüklərini aşılamaqdır. “Zirvə” liseyinin öz komandasının da iştirak etdiyi yarışda Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəb və Xırdalan şəhəri 5 saylı tam orta məktəbin yarış kollektivi də iştirak edib. 3 komandanın iştirakı ilə keçirilən, bir saat davam edən yarışda əvvəlcə təqdimat prosesi baş tutub, liderlər və üzvlər qaydalarla tanış olub.

“Zirvə” liseyinin riyaziyyat müəllimi Arif Quliyev müsabiqə sualları, yarışın ümumi gedişatı barədə fikirlərini və arzularını AAAF TV ilə bölüşüb. Müsabiqənin yekununda bütün komanda liderləri yarışa hazırlıq müddəti, keçirdikləri hisslər barədə söhbət açıblar.

Qeyd edək ki, yarış iki turda keçiriləcək və final mərhələsindən sonra qaliblərə mükafat təqdim olunacaq. Iki orta məktəb bir liseyin iştirak etdiyi yarışın ikinci turu may ayının 10-da keçiriləcək və qaliblər müəyyən olacaq. Yarışın birinci turunun yekununda hər üç məktəbin şagird və müəllim heyəti xatirə şəkli çəkdirib. AAAF TV kollektivi olaraq biz də şagirdlərə uğurlar arzulayır, müvəffəqiyyətlərinin davamını diləyirik.

SHARE