“Zirvə” liseyində  “Beynəlxalq Ana Dili Günü” tədbiri keçirildi

21 Fevral bütün dünyada “Beynəlxalq  Ana Dili Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni “Beynəlxalq  Ana dili günü” elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü” adlandırılması haqqında müraciət etmişdilər. YUNESKO-nun Baş Konfransında 21 fevral “Beynəlxalq  Ana Dili Günü” elan olunmuş və üzv ölkələrə bildirilmişdi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Məhz həmin gündən bu günə qədər bütün dünyada olduğu kimi Azərbaycanda da “Beynəlxalq  Ana Dili Günü” qeyd edilir.

Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

“Beynəlxalq  Ana Dili Günü” münasibətilə “Zirvə” liseyində də möhtəşəm tədbir keçirildi. Tədbirdə liseyin Azərbaycan dili müəlliməsi Kamilə Hüseyinli ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Daha sonra şagirdlər arasında şeir müsabiqəsi keçirildi.  Münsiflər heyəti şagirdlərə məhz ana dilinə aid  səsləndirilən şeirlərə görə 10 ballıq sistem üzrə qiymət verirdi. Müsabiqənin qalibi  9a sinif şagirdi Məmmədli Solmaz oldu. Şagirdlər “Beynəlxalq  Ana Dili Günü” haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər, mahnılar oxudular.

Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.

SHARE