“Zirvə” liseyində abituriyentlərə psixoloji dəstək

Şagirdlərin universitetlərə hazırlıq müddəti stresli və çətin mərhələdir. Bu müddət ərzində bir çox abituriyentlər həm imtahanla bağlı əsəb pozuntuları keçirir, həm də valideyn və müəllim təzyiqi ilə qarşı-qarşıya qalır. Hədəfinə çatmaq istəyən bir çox gənclər bu proses zamanı özünə inamsızlıq, ruh düşkünlüyü, böyük həyəcanla qarşılaşırlar. İmtahan günləri yaxınlaşdığı zaman şagirdlərdə zehni gərginlik də artır, qayğılar, depressiya və yorğunluq abituriyentin psixi durumuna mənfi təsir edir. İmtahanlara hazırlaşan hər bir gəncin mütləq psixoloji dəstəyə ehtiyacı olur, onların psixoloji vəziyyəti imtahan nəticələrinə təsirsiz ötüşmür.

AAAF Parkda yerləşən “Zirvə” liseyində şagirdlərə abituriyent hazırlığı zamanı psixoloji dəstək göstərilir.

Abituriyentlərin universitetlərə hazırlıq mərhələsində valideyn, müəllim və psixoloqun işinin paralel şəkildə aparılması ilə bağlı “Zirvə” liseyinin psixoloqu Günel Nəsibova AAAF TV – yə müsahibəsində açıqlama verib.

Günel xanım şagirdlərin bu müddət ərzində qidalanma rejiminə diqqət yetirməyin önəmini, imtahanqabağı mütəmadi açıq havada gəzməyin, normal yuxunun universitet hazırlığı keçən gənclər üçün vacibliyini vurğulayıb. Aparılmış statistik hesablamalara görə, imtahan zamanı abituriyentlərin 96 faizi stress altında olur. Şagirdlərə bu mərhələdə psixoloqla yanaşı valideynlər də dəstək olmalı, ailədə gərginliyi minimuma endirməli, uşaqların imtahanda uğurlu nəticələr əldə etməsi üçün daxilən rahat və sərbəst olmasına şərait yaratmalıdır.

SHARE