“Zirvə” liseyi açıldı!

Məktəb hamımızın həyəcanla ayaq basdığı, müəllimin verdiyi tapşırığı yaxşı yerinə yetirməmək qorxusunu yaşadığımız, ömürboyu xoş hisslərlə yada salacağımız, öz uşaqlarımıza, nəvələrimizə danışdığımız xatirələrlə dolu məkandır. Xüsusilə də, ilk bilik günündə insanlar daha emosional olurlar. İstər uşaqlar, istər vaildeynlər, istərsə də müəllim heyəti.

Bu gün də belə oldu. Yüzə yaxın məktəbli ilk dəfə “Zirvə” Liseyinə qədəm qoydu. 2014–2015-ci tədris ilindən başlayaraq Respublikada ilk dəfə texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə faəliyyət göstərməsi planlaşdırılan bu liseyin açılışı da bu gün keçirildi.

Tədbirdə ilk öncə ulu öndər, məhrum prezident Heydər Əliyevin heykəlinin önünə gül qoyuldu. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi. Ardından liseyin direktoru Əmirastan Nəbiyev məktəblilərə ruh yüksəkliyi verən, dərslərə həvəsləndirəcək nitq söylədi.

“Zirvə İdman Kompleksi” MMC-nin direktoru və “Zirvə” Liseyinin təsisçisi Ruslan Xanverdiyevin adından onun müavini Rəşad Əliyev də çıxış etdi. O, tədbir iştirakçılarını salamlayandan sonra bu fikirləri səsləndirdi: “Məndən əvvəl Əmiraslan müəllim gözəl təbriklər səsləndirdi. Öz növbəmdə bu təbriklərə qoşuluram. Əziz şagirdlər, bu gün həyatınızda yeni başlanğıc günüdür. Mən də Sizin bu həyəcanınıza qoşuluram. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idman və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində yeni-yeni təlim-tədris mərkəzləri inşa olunur. Bu gün biz dә yeni bir liseyin açılışına toplaşmışıq. “Zirvə” Liseyimiz tək maddi-texniki bazası ilə deyil, həm də idman təmayüllü olması ilə digәrlәrindәn fərqlənməkdədir.

Burada gimnastika, cüdo və ağırlıqqaldırma istiqamətləri üzrə ixtisaslaşma mövcuddur. Əziz valideynlər, әmin olun ki, müasir avadanlıqlarla təchiz olunmuş liseyimizdə peşəkar müəllim kollektivi övladlarınızın qayğısına qalacaq, onlara öz biliklərini əsirgəməyəcəkdir. Sözümü bitirməzdən əvvəl Ümumilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırladıb, bizim gәlәcәyimiz olan şagirdlәri vә hər birinizi ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ilinizin uğurlu olmasını arzulayıram. Həm “Bilik Günü”müz, həm də yeni “Zirvə” Liseyimiz mübarək olsun” deyirəm”.

Bu nitqdən sonra 1-ci siniflər müxtəlif dillərdə şeirlər dedilər. Liseyin ərsəyə gəlməsində əməyi olan sıravi zəhmətkeşlər də yaddan çıxmadı və onlara “Fəxri fərman”larla təltif olundular. Daha sonra ilk zəng çalındı və dərslər başladı!

Həm rus həm də azərbaycan bölmələri olan liseyimizdə ən müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, müxtəlif dərs və kompüter otaqları, metodbirləşmələr və hərbi kabinet vardır. Bununla yanaşı, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu fəaliyyət göstərir. Şagirdlərin liseyə gəlməsi üçün xüsusi avtobus servisi xidmətdədir. Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunacaq və nahardan sonra müəllim nəzarəti altında ev tapşırıqlarını yerinə yetirəcəklər. Təhsil ocağında internetlə təmin edilmiş lokal şəbəkə mövcuddur. Liseyə nəzarət mərkəzləşdirilmiş kamera sisteminə qoşulmuş monitor vasitəsilə həyata keçirilir. Bununla yanaşı, məktəbimizdə xüsusi mühafizə xidməti fəaliyyət göstərir.

Bir sözlə, burada uşaqlarımızın yaxşı təhsil alması, gələcəyin layiqli vətəndaşı kimi yetişməsi üçün hər şərait vardır. “AAAF Park Yaşayış Kompleksi” və “AAAF İnşaat” MMC-nin rəhbərliyi, həmçinin bu məkanın qısa müddət ərzində fəaliyyətə başlamasını təmin edən hər bir şəxsin çəkdiyi böyük əziyyəti gələcək illərdə öz bəhrəsini verəcəkdir.
Hər birinizi “Bilik günü” münasibətilə təbrik edir, böyük uğur və müvəffəqiyyətlər qazanmağınızı arzu edirik!

SHARE