“Zirvə İdman Kompleksi” MMC-nin ilk geniştərkibli iclası keçirildi

Fevralın 28-də AAAF PARK Yaşayış Kompleksinin Konfrans zalında 19 avqust 2013-cü ildən fəaliyyətə başlayan “Zirvə İdman Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ilk geniştərkibli iclası keçirildi. Şirkətin bütün işçi heyətinin iştirak etdiyi tədbir, fəaliyyətlə bağlı işlərin elanı, təsdiqi və startı xarakteri daşıdı.

Tədbiri “Zirvə İdman Kompleksi” MMC-nin direktorunun 1-ci müavini Alim Məmmədov açıq elan etdi. O, şirkətimizin böyük həcmdə işlərin öhdəsindən gəldiyini, hazırda bu istiqamətdə uğurla çalışdığımızı, gələcəkdə də fəaliyyətimizin genişlənəcəyi və mərhələlər adlayacağına inandığını bildirdi. Alim bəy, təşkilati-struktur qaydalarının təsdiqi, yeni əmək müqavilələrinin hazırlanması və tətbiqi, AAAF Park Yaşayış Kompleksinin sakin və qonaqları ilə ünsiyyətdəki davranış qaydalarının daha yüksək səviyyəyə qaldırılması, subordinasiya prinsiplərinə riayət olunması və başqa bu kimi işlərin gedişi haqda məlumat verdi. AAAF Park Yaşayış Kompleksinin Azərbaycanda və ondan kənarda bir sahibkarlıq brendi olmasını qeyd edən Məmmədov, daha sonra “Zirvə İdman Kompleksi” MMC-nin yeni rəhbər şəxslərinin işə təsdiqi barədə elanı oxudu. MMC-nin təsisçisi Tofiq Heydərovun əmrinə əsasən Xanverdiyev Ruslan bu şirkətin direktoru vəzifəsinə təyin edildi. Ona bu işlərdə müavinlər qismində Məmmədov Alim, Əliniyazzadə Pərviz və Əliyev Rəşadın kömək edəcəyi bildirildi.

Daha sonra söz “Zirvə İdman Kompleksi” MMC-nin təsisçisi Tofiq Heydərova verildi. Sözünə hər kəsə təşəkkür etməklə başlayan Tofiq bəy, AAAF PARK Yaşayış Kompleksində qurulan yüksək şəraiti qeyd etdi. Təsisçi “Zirvə İdman Kompleksi” MMC-nin fəaliyyətinin əsas məqsədlərinin əhaliyə xidmət, eyni zamanda ölkəmizdə böyük qayğı nəticəsində inkişaf edən idmanımızın yüksəlməsinə öz töhfəmizi vermək olduğunu bildirdi. 12 hektar ərazidə qurulan kompleksin məhz “Zirvə” adı altında birləşdirilməsinin səbəbini də bununla əlaqədar olduğunu deyən Tofiq bəy, AAAF PARK Yaşayış Kompleksi və “Zirvə İdman Kompleksi” MMC-nin artıq dünya səviyyəli bir layihəyə çevrildiyi qeyd etdi. Zirve İnternational Sport Clubs ilə yaxın vaxtlarda klublarası dünya çempionatının keçirilməsi nəzərdə tutulub.

Şirkətimizdə çalışan hər kəsin öz işinə maksimum məsuliyyətlə yanaşması, davranışlarında nümunəvi olması, kollektivin bir ailə kimi fəaliyyət göstərməsinin böyük əhəmiyyət daşıdığını bildirən təsisçi, bizi qarşıda daha böyük işlərin gözlədiyini, bunun öhdəsindən gəlməyimiz üçün bir amal uğrunda birləşməyimizin vacibliyini vurğuladı. Hər bir işçinin gördüyü işin əvəzini tamlığı ilə alacağını, ev və vaxt keçdikcə Azərbaycanda ən yüksək maaşla təmin olunacağını bildirən Tofiq Heydərov, AAAF PARK Yaşayış Kompleksi və “Zirvə İdman Kompleksi” MMC-nin bir brend kimi dünyada tanınacağına inandığını dedi.

Çıxışına bütün tədbir iştirakçılarına təşəkkür edərək uğurlar arzulamaqla bitirən Tofiq bəy, onların hər birinə inandığını, dəstək olmağa hazır olduğunu, onların da öz işlərində nümunəvi olacaqlarına ümid etdiyini bildirdi.

SHARE