“Zirvə” İdman Klubunun 2013-cü il üçün yekun hesabat konfransı keçirildi

İl ərzində fərqlənənlər mükafatlandırıldılar

Dekabrın 27-də AAAF PARK Yaşayış Kompleksinin Mərkəzi konfrans zalında “Zirvə” İdman Klubunun 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi. Bir çox qonaqların iştirak etdiyi mərasimdə il ərzində fərqlənmiş idmançılar, məşqçilər və digər şəxslər mükafatlandırıldı, qazandığı uğurlar qeyd edildi.

Tədbiri klubumuzun sədri Azad Mustafayev açıq elan etdi. O, mərkəzi bazası AAAF Park yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun yetirmələrinin 2013-cü ildə böyük uğurlar qazandığını, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etdiklərini qonaqların diqqətinə çatdırdı. Bildirildi ki, klubumuzun üzvləri bu il beynəlxalq yarışlarda 32 medal (13 qızıl, 7 gümüş və 12 bürünc) qazanıb, üstəlik, 7 dünya və Avropa rekordunu yeniləyiblər. İl ərzində keçirilən ölkədaxili yarışlarda bütün medalların yarıdan çoxunu əldə edən atletlərimiz, gələn ildə də bu uğurlu seriyanı davam etdirəcəklərinə inam hissi yarada biliblər.

Sədrin ilin yekunu barədə hesabatı klubumuzun yeni quruluşu barədə məlumatla başa çatdı. Azad müəllim qeyd etdi ki, “Zirvə” İK-nın yeni Rəyasət Heyəti (RH) təsdiq edilmişdir. Ona əsasən yeni RH-nə 7 nəfər daxil edilmişdir. Onlar – klubumuzun təsisçisi və prezidenti Tofiq Heydərov, maliyyə məsələləri üzrə vitse-prezident Pərvin Əliyev, kommersiya məsələri üzrə vitse-prezident Ruslan Xanverdiyev, beynəlxalq əlaqələr üzrə vitse-prezident Hafiz Süleymanov, içraçı direktor Azad Mustafayev, klubumuzun fəxri prezidenti Mirsayad Əbilov və beynəlxalq dərəcəli hakim Əli Cavadovdur.

Bununla yanaşı, “Zirvə” İK-nın yeni məşqçi heyəti də təsdiqləndi. 2014-cü ildə klubumuzun baş məşqçisi Hafiz Süleymanov, ayrılıqda kişi idmançılara cavabdeh məşqçi Kərim Kərimli, gənclərə cavabdeh Teymur Əliquliyev, yeniyetmələrə cavabdeh Anar Qasımov və qadın idmançılara cavabdeh məşqçi kimi Rayət Abdalov olacaqlar.

Daha sonra söz “Zirvə” İK və AAAF-İNŞAAT MMC-nin prezidenti Tofiq Heydərova verildi. 2013-cü ildə qazanılan uğurlar, görülən işlər barədə danışan prezident, növbəti ildə daha böyük nəticələrə nail olacağımıza inandığını, bunun üçün maksimum səylə çalışmağın vacib olduğunu bildirdi. Tofiq müəllim getdikcə, “Zirvə” İK-nın beynəlxalq kluba çevriləcəyini, zona, kubok və final yarışlarımızın başqa ölkələrdə keçiriləcəyini, üzvlərimiz sırasında bir çox ölkə nümayəndələrinin olacağını qeyd etdi.

Prezident azərbaycanlı ağır atletlərin illər keçdikcə qazandıqları uğurların çoxalmasını qabardaraq çox vacib bir məqamı da fərqləndirdi. O qeyd etdi ki, Azərbaycan xalqının mənfur düşmənlərinin milli idman növü olan ağır atletikada onları üstələməyimiz onu çox sevindirir. Tofiq müəllim bildirdi ki, məhz azərbaycanlı atletlərin uğurlarının çoxalması düşmən ölkənin Avropa və dünya səviyyəli yarışları qəbul etmək və bununla da öz ölkəsində rüsvay olmaqdan, Azərbaycan bayrağının dəfələrlə yüksəlməsi, himnimizin səslənməsindən qorxmasına gətirib çıxarır və onlar bu təşkilatçılıqdan imtina edirlər. Sevindiricidir ki, bu qələbələrdə “Zirvə” İK-nın yetirmələrinin rolu böyükdür.

Prezidentimiz qeyd etdi ki, klubumuzun yaradılmasında məqsəd ölkədə uğurla aparılan idmana dəstək və qayğı siyasətinə öz töfhəsini vermək, yeniyetmə və gənclərin ağır atletikaya axınını təşkil etmək, bunun üçün ən yaxşı şəraiti qurmaq, yeniyetmələrin sırasından ən güclüləri bir internat tipli liseydə peşəkar səviyyədə yarışlara hazırlamaqdır. Tofiq Heydərov işimizin öhdəsindən layiqincə gəldiyimizi, İnşallah, bunun davamının daha da gözəl olacağını bildirdi.

Daha sonra sədr Azad Mustafayev “AAAF Park” jurnalının seçdiyi “İlin 12 ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçiləri”, həmçinin “İlin hakimi” və il ərzində öz işində fərqlənən digər şəxslərin adlarını açıqladı. Klubumuzun prezidenti Tofiq Heydərov və AAAF İNŞAAT MMC-nin direktoru Pərvin Əliyev bu şəxsləri xüsusi mükafatlarla təltif etdilər.

Təltifat olunanlar aşağıdakılardır:

  1. Firudin Quliyev – Kazan Universiadasının və 2-ci Beynəlxalq Bakı Qran-Prisinin qalibi, gənclər və böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, gənclər arasında dünya və Avropa rekordunun, Universiada rekordlarının sahibi.
  2. Zülfüqar Süleymanov – Böyüklər arasında Avropa çempionatı və İslam Oyunlarının bürünc mükafatçısı.
  3. Əliquluzadə Elxan – Gənclər arasında Avropa çempionu
  4. İmanzadə Rüstəm – Yeniyetmələr arasında Avropa çempionu, 3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi, Yeniyetmələr arasında (U-15) Avropa rekordunun sahibi.
  5. Əliyev Emil – Veteranlar arasında Avropa çempionatının qalibi.
  6. Hümbətli Aftandil – Veteranlar arasında 8-ci Ümumdünya Oyunlarının bürünc mükafatçısı.
  7. Əliquliyev Teymur – Veteranlar arasında Avropa çempionatının bürünc mükafatçısı.
  8. Məmmədli Məhəmməd – Yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı
  9. Əliquliyev Kənan – Yeniyetmələr arasında (U-15) Avropa çempionatının gümüş mükafatçısı.
  10. Əlizadə Gülçin – Yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalçısı.
  11. Məhərrəmova Mərziyyə – Yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalçısı
  12. Rzazadə Ruslan – 3-cü Beynəlxalq Uşaq İdman Oyunlarının qalibi.
  13. Məmmədov Asif – Yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Məmmədli Məhəmmədin şəxsi məşqçisi
  14. Hüseynov Vaqif – İlin ən yaxşı hakimi
  15. Məstəliyev Kənan – “Zirvə” İdman Klubu, AAAF Park Yaşayış Kompleksi və AAAF-İNŞAAT MMC-nin mətbuat katibi
  16. Əhmədov Hətəm – İlin ən yaxşı idman kompleksi – Masazır İdman Kompleksinin rəhbəri
  17. Əbilov Mirsayad – “Zirvə” İdman Klubunun təsisçilərindən biri, klubumuzun fəxri prezidenti.
SHARE