“Zirvə” İdman klubu “İlin ən yaxşı idman təşkilatı” seçildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına dair tədbir keçirilib. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan mərasimdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, idman federasiyaları, klub və ictimai birliklərin rəhbərləri, idman xadimləri, KİV və digər çox sayda şəxs iştirak edib.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 2017-ci il ərzində Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Mərasim zamanı Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir ölkəmizdə keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisi və IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd edib. A.Rəhimov Azərbaycanda fəaliyyətə başlamış Antidopinq Agentliyinin işini yüksək səviyyədə qurduğunu vurğulayıb. O, 2017-ci ildə əldə olunmuş digər uğurlar haqqında da ətraflı məlumat verib.

Daha sonra müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Onlar arasında ağır atletikadakı fəaliyyətləri ilə seçilən “Zirvə” Beynəlxalq İdman Klubu da olub. Belə ki, “İlin ən yaxşı idman təşkilatı” nominasiyasında məhz “Zirvə” qalib adını qazanıb. Klub il ərzində gördüyü işlər, Azərbaycan ağır atletikasının inkişafına verdiyi töhfəsinə görə bu ada layiqdir. Məhz “Zirvə” BİK-in təmsilçisi olan ağır atletləri il ərzində bütün beynəlxalq yarışlarda Vətənə medalla dönməyi bacarıb, əldə edilən qələbələrdə böyük rol oynayıblar.

SHARE