“Zirvə” bir daha “İlin ən yaxşı idman klubu” seçildi!

Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun ölkə idmanına verdiyi töhfələr diqqətdən kənarda qalmır. Artıq hər il müxtəlif KİV-lər və cəmiyyətlər tərəfindən ilin ən yaxşısı seçilməyimiz ənənə halını alıb. Bu il də istisna olmadı. Gənclər və İdman Nazirliyi və “Sportsman” jurnalı klubumuzun 2016-cı ildəki işlərini yüksək qiymətləndirərək bizi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində – “İlin ən yaxşı idman klubu” seçdi. “JW Marriott – Abşeron” otelində təşkil olunan qala-gecədə ölkə idmanının tanınmış simaları, keçmişin və bu günün çempion və qalibləri, böyük idman xadimləri, müxtəlif qonaqlara rast gəlmək olardı. İdman elitasının toplaşdığı mərasimdə “Zirvə” Beynəlxalq İdman Klubunun mükafatla fərqləndirilməsi sevincimizə səbəb oldu. Əziyyətimizin bəhrəsini görmək çox xoş hisslər yaratdı. “İlin idman klubu” mükafatını qəbul etmək üçün “Zirvə” Beynəlxalq İdman Klubunun vitse-prezidenti Ruslan Xanverdiyev dəvət olundu. Klubumuzun qələbəsinin alqışlarla müşayiət olundu. Ruslan bəyə plaket və müxtəlif digər hədiyyələr təqdim edildi. “Zirvə” Beynəlxalq İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. 2016-ci ildə “Zirvə”çilər bu baxımdan yetərincə uğurlu çıxış ediblər. Yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Avropa və dünya çempionatlarında yarışan atletlərimiz ümumilikdə 30-dan çox medal əldə ediblər.

“Zirvə”nin Azərbaycanın bölgələrində böyük kompleksləri fəaliyyət göstərir. Lənkəran, Sumqayıt, Lerik, Şamaxı, Neftçala, Qobustan, Samux, Abşeron, Goranboy, Qazax, Astara, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait qurulub. Klubun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 min kv.m. qapalı sahəyə malik, AAAF PARK Yaşayış Kompleksindədir. Burada fəaliyyət göstərən “Zirvə Liseyi”ndə 40-dan çox gənc ağır atlet həm təhsil alır, həm də peşəkar idman bacarıqlarını yüksəltməklə məşğuldurlar. Kompleksdəki “Zirvə Uşaq İdman Akademiyası”nda ağır atletika ilə yanaşı bədii gimnastika, cüdo, üzgüçülük, şahmat idman növləri inkişaf etdirilir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunublar. Ağır atletika, cüdo, bədii gimnastika, futbol və başqa növlər üzrə bölmələri olan “Zirvə” İK beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan – “Zirve İnternational Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Tacikistan, Moldova və Ukraynada filialları yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Artıq klubun filialları arasında dəfələrlə beynəlxalq yarışlar keçirilib və bu ənənə davam etdirilməkdədir.

SHARE