7-ci “Zirvə Oyunları”nda bədii gimnastika yarışları keçirildi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə bədii gimnastlara çatıb.
“Zirvə”, “Ay-ulduz”, “Şağan”, “Kür”, “Sumqayıt”, “Göyçay”, “İsmayıllı”, “Ağdaş”, “Şirvan”, “Masallı” klublarını təmsil edən, 2013-2010, 2009 və 2014-2009-cü il təvəllüdlü gimnastlar 50-dən çox yeniyetmə qızımızın səhnəyə çıxdığı yarışlar böyük marağa səbəb olub. Alətsiz, top, halqa, lent və iplə fərdi, həmçinin qrup şəklində çıxış edən gənc gimnastlar gözəl performans nümayiş etdiriblər. Hakimlərdən yüksək xallar alanları isə fəxri kürsüyə qalxmağı bacarıblar. Bu dəfə də “Zirvə” BİK-in gimnastları istər fərdi, istərsə də qrup yarışlarında uğurlu çıxışla yadda qalıb, ümumi sıralamada ən yüksək pilləni tutublar. Qalib və mükafatçılara medal, diplom və sertifikatlar, həmçinin xatirə hədiyyələri təqdim olunub.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

SHARE