“Zirvə” liseyinin yeməkxanasında təmizlik və keyfiyyətə diqqət yetirilir

Hər bir valideyn övladının mükəmməl təhsil almasının təmin etməklə yanaşı, övladının ekoloji və gigiyenik cəhətdən təmiz məhsullarla qidalanmasına da diqqət edir. Hazırda təhsil və tədris müssisələrinə daxil olan məhsullara dövlət tərəfindən ciddi nəzarət edilir. AAAF Park Yaşayış Kompleksinin nəzdində iki ilə yaxındır fəaliyyət göstərən “Zirvə” liseyinin yeməkxanasına daxil olan məhsulların keyfiyyəti, standartlara uyğunluğu, mənşəyi barədə “Zirvə” liseyinin həkimi İsmayılova Şahnaz AAAF TV – yə müsahibəsində məlumat verib. Şahnaz xanım yeməkxananın təmizliyinə, işçilərin geyimlərinə, ümumilikdə sanitariya-gigiyena qaydalarına əməl olunmasına hər gün mütəmadi nəzarət etdiklərini və qeydə aldıqlarını bildirdi. Əlavə olaraq hər gün yeni bişən yeməklərin dad və keyfiyyətinə süfrəyə verilmədən əvvəl baxıldığını da qeyd etdi. “Zirvə” liseyinin mətbəxinə daxil olan ərzaq məhsullarının keyfiyyətinə yeməkxananın aşpazı da nəzarət edir. “Zirvə” liseyinin direktoru Əmirastan Nəbiyev liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin rəyi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış orta məktəb, eləcə də, liseylər üçün nəzərdə tutulmuş menyunun tətbiq olunduğunu qeyd edib. Əmirastan müəllim valideynlərə övladlarının təhsil şəraitindən əlavə gündəlik bişən qidalarla da tanış olmaq imkanı yaradıldığını vurğulayıb. “Zirvə” liseyi uşaqların sağlam gələcəyə uğurla addımlamasında böyük rol oynayır. Sağlam bədəndə sağlam ruh olur.

SHARE