“Zirvə” liseyində son zəng tədbiri

AAAF Parkda yerləşən “Zirvə” liseyi üçüncü tədris ilinin yekun tədbirini keçirib. Tədbirdə ilk öncə liseyin direktoru Əmirastan Nəbiyev çıxış edərək bütün kollektivi tədris ilinə yekun vurulması münasibətilə təbrik edib, bu il liseyi bitirən 11-cilərə gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra liseyin məzunları səhnədə yer alaraq məktəb illərinin onların yaddaşlarında əziz xatirə kimi qalacağını və liseydən ayrılmağın çətin olduğunu bildirdilər. Onlar bu illər ərzində əziyyət çəkən, bilik verən müəllim kollektivinə və liseyin rəhbərliyinə təşəkkürlərini də çatdırdılar. Ardıyca məzunların ifasında şer və mahnılar səsləndi, rəqslər təqdim olundu. Onların səhnə performansı müəllim kollektivi və valideynlərin alqışları ilə müşayiət edildi.

Bildirək ki, bu şagirdlər 2014-cü ildən fəaliyyət göstərən “Zirvə” liseyinin ilk məzunlarıdır. Direktoru Əmirastan Nəbiyev AAAF TV-yə müsahibəsində liseyi bitirən ilk məzunlardan və başa çatan tədris ilində görülən işlərdən danışdı, əlavə etdi ki, 47 şagird əlaçı adını qazanmağa nail olub.

Əmirastan Nəbiyev “Zirvə” liseyinə qəbuldan da danışdı və qeyd etdi ki, ilk mərhələsi başa çatıb və 50-ə yaxın şagird qeydə alınıb. Liseyin direktoru qəbul mərhələlərinin sonuna qədər bu rəqəmin daha da artacağını dedi, çünki müraciətlərin sayı da kifayət qədər çoxdur. O bunu pedaqoji kollektivin bu illər ərzində çəkdiyi əziyyətin bəhrəsi olduğunu dilə gətirdi və uğurların daha da bol olacağına əminliyini ifadə etdi.

Daha sonra son zəng tədbirində bədii hissə oldu. 1-cilər və digər yuxarı sinif şagirdlərinin ifasındakı şeirlər, mahnılar, rəqslər və digər ifalar tədbirə toplaşan valideynlər, müəllim və rəhbər heyəti, həmçinin məktəblilərin özü üçün unudulmaz bir xatirəyə çevrildi.

Biz də öz növbəmizdə, “Zirvə” liseyinin üçüncü tədris ilini müvəffəqiyyətlə sonlandıran şagirdləri təbrik edir, onların təhsil sahəsində yüksək nəticələr göstərməsini diləyirik. Məzunlara isə yeni, müstəqil həyatda uğurlarının bol olmasını arzu edirik.

SHARE