2-6 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetinin İdman Zalında Azərbaycan Basketbol Superliqasının sezon öncəsi turniri keçirilib. Yarışda “Atom”, “Atletik Baku”, “Gəncə”, “Sərkərdə” və “Zirvə Astara” komandaları iştirak ediblər. Turnir dairəvi sistemlə keçirilib.
Bu turnir oktyabrın 10-da startı veriləcək basketbol üzrə Azərbaycan Superliqasına hazırlıq xarakteri daşıyır. “Zirvə Astara” da yarış zamanı qüvvəsini sınamaq, oyun təcrübəsini artıraraq daha yaxşı çıxış etmək imkanı qazandı. Oyunçu-məşqçi Zaur Paşayevin rəhbərliyi altında komandamızın oyunu xoş təsir bağışladı.
Nəticələr aşağıdakı kimidir:
Zirvə-Astara – Atletik 56:68
Gəncə – Zirvə-Astara 82:92
Zirvə-Astara – Sərkərdə 80:85
Atom – Zirvə-Astara 96:82
2019/2020 mövsümündə Azərbaycan çempionatı ilk dəfə olaraq Azərbaycan Super Liqası adlandırılacaq. Çempionatda 8 komanda iştirak edəcək.
Super Liqada ilk oyunda bölgə komandaları – “Zirvə” və “Gəncə” üz-üzə gələcək. Qarşılaşma CBC Sport-la canlı yayınlanacaq.
“Zirvə”çilərə bu yarışda uğurlar arzulayırıq!
Azərbaycanda ən böyük idman klublarından olan “Zirvə” öz fəaliyyət və inkişaf sahəsini genişləndirməkdə davam edir. Qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuş klubun idmançıları təkcə 2018-ci ildə beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.
Bu fəaliyyətin davamı olaraq klub Azərbaycan basketboluna dəstək verərək onun inkişafına töhfə vermək istiqamətini götürüb. Xüsusilə də regionlarda istedadlı gənclərin üzə çıxarılaraq peşəkar səviyyəyə gətirilməsi, ölkəmizin beynəlxalq arenada layiqli təmsil olunması məqsədilə atılan addımlar getdikcə sürətləndirilməkdədir. Bu işlər çərçivəsində bu ilin martında AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni idmançılarla töhfə verəcək basketbol zalı açılmışdır. Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında məhz basketbola geniş yer verilərək bir neçə yarış təşkil olunub. Avqustun 3-də Astara şəhərində “Zirvə” BİK-in bazasında 3×3 basketbolu üzrə Azərbaycan çempionatının növbəti mərhələsi keçirilib və ölkənin ən güclü komandaları orada yarışıblar. Türkiyənin paytaxtı Ankaradakı Altınpark Akarsu İdman Kompleksində fəaliyyət göstərən basketbol zalında qərarlaşan “Ankara-Zirvə” komandası və onların yerli turnirlərdə uğurlu çıxışı da qeyd olunmalıdır. “Zirvə” BİK Türkiyə Basketbol Federasiyası ilə də sıx əməkdaşlıq edir.
Bu ildən etibarən isə Azərbaycan Basketbol Federasiyası ilə imzalanan memorandum çərçivəsində işlər görülməyə başlamışdır. Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi həm də “Zirvə-Astara” komandasının 3×3 basketbolunda beynəlxalq yarışlara qatılmasıdır. Avqust ayı ərzində 5 ölkədə – Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrədə keçirilən müvafiq olaraq “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Rīga #13. Quest Stop”, “Palova Round 3”, “Mistrzostw Radomia 2019” və “StreetballOG” beynəlxalq turnirlərində qüvvəsini sınayan komandamız böyük uğurlar, kubok və medallar qazanmaqla yadda qalıb və ölkəmizi layiqincə təmsil edib. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.
Yarım əsrlik tarixi olan “Zirvə” Beynəlxalq İdman Klubları 2006-cı il noyabrın 26-da “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayıb. Təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur.