“Zirvə-Astara” basketbolçuları Xorvatiyada 3-cü oldular

“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını başa vurub.  Basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışıblar. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.

Komandamız “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Rīga #13. Quest Stop”, “Palova Round 3” və “Mistrzostw Radomia 2019” turnirlərindən sonra son olaraq Xorvatiyanın Oqulin şəhərində keçirilən “StreetballOG” yarışında qüvvəsini sınayıb.

Son yarışda “Zirvə-Astara” C qrupunda yer alıb. Burada basketbolçularımız 2 oyun keçirib. “Nyu Strit Boyz” və “Rey Çarlz”a qalib gələn komandamız 1/4 finala yüksəlib. Burada “Drvoysyeçe” komandasına 21:10 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə “Spalato A2” ilə üz-üzə gələn “Zirvə Astara” təəssüf ki, 11:21 hesabı ilə məğlub olub. Ancaq 3-cü yer uğrunda qarşılaşma uğurlu alınıb. Basketbolçularımız bürünc medal uğrunda mübarizədə “Tesla”ya 21:19 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxmağı bacarıb.

Təbrik edirik!

***

Azərbaycanda ən böyük idman klublarından olan “Zirvə” öz fəaliyyət və inkişaf sahəsini genişləndirməkdə davam edir. Qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuş klubun idmançıları təkcə 2018-ci ildə beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə – İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.

Bu fəaliyyətin davamı olaraq klub Azərbaycan basketboluna dəstək verərək onun inkişafına töhfə vermək istiqamətini götürüb. Xüsusilə də regionlarda istedadlı gənclərin üzə çıxarılaraq peşəkar səviyyəyə gətirilməsi, ölkəmizin beynəlxalq arenada layiqli təmsil olunması məqsədilə atılan addımlar getdikcə sürətləndirilməkdədir. Bu işlər çrçivəsində bu ilin martında AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyinin nəzdində fəaliyyət göstərəcək və ölkə basketbolunun inkişafına yeni idmançılarla töhfə verəcək basketbol zalının açılmışdır. Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında məhz basketbola geniş yer verilərək bir neçə yarış təşkil olunub. Avqustun 3-də Astara şəhərində “Zirvə” BİK-in bazasında 3×3 basketbolu üzrə Azərbaycan çempionatının növbəti mərhələsi keçiriləcək və ölkənin ən güclü komandaları orada yarışacaqlar. Türkiyənin paytaxtı Ankaradakı Altınpark Akarsu İdman Kompleksində fəaliyyət göstərən basketbol zalında qərarlaşan “Ankara-Zirvə” komandası və onların yerli turnirlərdə uğurlu çıxışı da qeyd olunmalıdır. “Zirvə” BİK Türkiyə Basketbol Federasiyası ilə də sıx əməkdaşlıq edir.

Bu ildən etibarən isə Azərbaycan Basketbol Federasiyası ilə imzalanan memorandum çərçivəsində işlər görülməyə başlamışdır. Bütün bu fəaliyyətlərin məntiqi nəticəsi həm də “Zirvə-Astara” komandasının 3×3 basketbolunda beynəlxalq yarışlara qatılmasıdır.

Yarım əsrlik tarixi olan “Zirvə” Beynəlxalq İdman Klubları 2006-cı il noyabrın 26-da “Zirvə” adı altında fəalliyyətini davam etdirməyə başlayıb. Təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur. Bu ad altında 12 ölkədə yüzə yaxın klub fəaliyyət göstərir.

SHARE