“ZİRVƏ ASTARA” – BASKETBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONU ELAN EDİLDİ!

Bu mövsüm basketbol üzrə Azərbaycan Super Liqasının şəksiz lider və favoriti olan “Zirvə Astara” Azərbaycan Basketbol Federasiyasının bu gün elan etdiyi qərara əsasən 2019-2020-ci illər mövsümünün qalibi adına layiq görülüb. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Onu sizə təqdim edirik:

“Əziz həmkarlar! Hörmətli, basketbol ictimaiyyəti!
Bildiyiniz kimi, Superliqanın fevral ayının 29-da keçirilən 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə, 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yarandı. Fasiləyə qədər “Zirvə Astara” BK 38 xal, “Atom” BK 34 xal, “Gəncə” BK isə 32 xal ilə Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürürdülər.
Bununla yanaşı, dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verdi. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edildi.
Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclasa toplandı. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən “Zirvə Astara” klubu Azərbaycan Çempionu elan edildi”.

Azərbaycan çempionu olan komandamızın bütün üzvlərini, bu qələbədə əməyi olan hər kəsi, xüsusilə də klub rəhbərliyini təbrik edir, daha böyük zirvələrin fəthini arzulayırıq!

 

Komandalar Oyun Qələbə Məğlubiyyət T/F Xallar
“Zirvə” BK 20 18 2 +327 38
“Atom” BK 20 14 6 +193 34
“Gəncə”BK 20 12 8 +17 32
“Xırdalan”  BK 20 10 10 +128 30
 “Sərkərdə”BK 19 9 10 +16 28
“Atletik” BK 19 9 10 -27 28
“Sıçrayış” BK 20 6 14 -301 26
“80-lər” 18 0 18 -353 18
SHARE