Zaur Babayev: “İnsan AAAF Parkda özünü evindəki kimi hiss edir”

AAAF Parkın “Məşhurlar AAAF Parkda” rubrikasının növbəti qonağı tanınmış müğənni Zaur Babayevdir.

– Zaur bəy, sizi AAAF Parkda xoş gördük. Yaşayış Kompleksində özünüzü necə hiss edirsiniz?

– Çox gözəl. İçəri girəndə AAAF Park Yaşayış Kompleksinin necə möhtəşəm bir məkan olduğunun şahidi oldum. AAAF Park artıq Azərbaycanda öz sözünü demiş Yaşayış Komplekslərindən biridir.

– AAAF Park istirahət məkanında nələr xoşunuza gəldi?

– Giriş hissə göz oxşayır, nəzarətin güclü olmasını çox bəyəndim. İnsan içəri girərkən özünü evində hiss edir, təhlükəsizliyi tam təmin olunub. Yaşıllıq çox gözəldir, park adama zövq verir. İnsanların bir-birinə qarşı münasibəti, mehribançılığı çox xoşuma gəldi. Sanki insan özünü öz ailəsi içində hiss edir. İnşallah, gələcəkdə buradan ev almağı düşünürəm.

– Ailənizlə gəlmisinizmi AAAF Parka?

– Xeyr, hələ gəlməmişəm.

– Sənətdə keçdiyiniz yol bizim üçün maraqlıdır. Neçə illərdir musiqi sənətindəsiniz, kimlərdən bəhrələnmisiniz? Bu haqda danışa bilərsinizmi?

– Uşaqlıqdan musiqiyə həvəsim olub. Məktəb illərində dərnəklərdə iştirak etmişəm. 1991-ci ildə Lənkəranda “7-17” mahnı müsabiqəsinin filialı keçirilirdi. Orada 1993-cü ildə 2-ci yerə çıxmışam. El şənliklərində iştirak edirdim. 2001-ci ildə Asəf Zeynallıda Əlibaba Məmmədovun sinfində 2 il 10 ay muğam təhsili aldım. Yaxşı tələbələrindən olmuşam, xətrimi çox istəyib. Allah ona can sağlığı versin. O, böyük sənətkar və professordur. Əlibaba Məmmədovdan yaxşı qiymət almaq hər xanəndəyə nəsib olmur. Diplomla Lənkərana qayıdan kimi 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Nəriman bəy məni Lənkəranın Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinə dəvət etdi. 9 ilə yaxındır ki, orada xanəndə kimi pedaqoji fəaliyyətimi davam etdirirəm. Şagirdlərimiz arasında müsabiqəyə gedənlər var. Bununla yanaşı, toylara, el şənliklərinə gedirəm, efirə çıxıram. Kliplərim var. Müəyyən qədər pərəştişkarım var.

– Zaur bəy, müğənnilikdə hansı tərzə daha çox üstünlük verirsiniz?

– Bu elə bir aləmdir ki,“filan mahnını oxuyacam” deyə toyxanaya girə bilmərik ki… Orada 700 adam var, hər insanın öz musiqi zövqü var. “Sənsiz” romansını da sifariş verənlər var. Həkimlərimiz ən çox bəstəkar mahnılarına, romanslara üstünlük verir, yəni məclisdə həkim varsa, sözsüz ki “Sevgili canan” oxumalıyam. Bir qrup insan aşıq mahnıları, digər qrup xalq mahnıları istəyir. Gündəmdə olan ara mahnıları da istəyənlər var. Mən də sevə-sevə oxuyuram. Hətta yeni çıxan gənc müğənnilərin populyar mahnılarını da oxuyuram, fərq qoymuram. Türk, özbək mahnıları da oxumuşam. Niyaməddin Musayevin repertuarına müraciət edirəm. Bütün janrlara toxunmağa çalışıram.

– “Məşhurlar” layihəsində bir çox musiqili qonaqlarımız olub. Sənətdən söhbət açanda hamı toydan danışır. Əslində, sənət böyük bir şeydir. Niyə bu qədər toyla bağlanır?

– Azərbaycan müğənnilərinin 99 faizinin toy aləmindən qazancları var. Türkiyədə toy yoxdur. Orada müğənnilər konsertlə, disklərlə qazanırlar. Amma bizdə vəziyyət nə yerdədir?  Bir müğənni disk çıxarır, o satışa çıxmamış artıq pirat disklər satışa buraxılır. Amma Türkiyədə İbrahim Tatlısəs bir disklə 3 milyon pul qazanır. Onun toya nə ehtiyaci var? Biz konsert vermək istəsək, elə qiymət deyirlər ki, bu konsertdən qazanc götürmək üçün nə qədər pul qoymaq lazım oduğunu düşünürük. Konserti 2-3 ildə 1 dəfə verə bilirlər ki, konsertim olsun. Reallıq budur.

– Səsi olan da  oxuyur, olmayan da. Bu bir reallıqdır. Geyim tərzi ilə, qalmaqalla yadda qalırlar. Buna münasibətiniz necədir?

– Bəzən insanlar tanınmışları toylara çağırır. Amma gəlib toyda canlı oxuyanda çox biabırçı vəziyyət yaranır. Toy sahibi ona o qədər pul verdiyinə peşman olur, amma yenə çağırırlar. Çünki onlar gündəmdədirlər, efirlərdədirlər. 10 il bundan öncəni götürsək, oxuyanlar arasında 10 nəfər oxuyurdu, indi isə 50 nəfər varsa 50-si də oxuyur. Camaat da onları geyimlərinə görə, imiclərinə görə qəbul edir.

– Qarşıda nə planlarınız var?

– Bu yaxınlarda Rusiyaya konsertlə əlaqəli dəvət olunmalıyam. Mart ayında “Gülüm harda qalmısan?” mahnısına klip çəkiləcək. Bu klip mahnının sözlərinə uyğun olaraq yazqabağı çəkilməlidir.

– Harada çəkiləcək?

– Yalnız Lənkəranda. “Yarım hanı?” adlı klipim də TV kanalların birində yayımlanacaq. Özbək mahnısıdır. İnsanlar tərəfindən bəyənilib.

– Marağınız olduğu başqa sahə olubmu? Müğənni olmasaydınız, hansı peşə sahibi idiniz?

– Futbolçu olardım. Kriştiano Ronaldonun azarkeşiyəm. Ən çox sevdiyim klub isə İngiltərənin “Çelsi” komandasıdır. Azərbaycanda isə “Xəzər Lənkəran” komandasını sevirəm.

– Boş vaxtlarınızda nə ilə məşğulsunuz?

– Boş zamanlarımı ailəmlə, qızlarımla keçirirəm. Onları gəzməyə aparıram.

– Sonda AAAF Park sakinlərinə nə sözünüz var?

– Yeni layihəyə görə sizi təbrik edirəm. Uğurlar arzu edirəm.

 

Müsahibəni aldılar : Rüfət Nadirli, Elnarə Hüseynova

SHARE