Yeniyetmə gimnastlarımız “Təhsil Kuboku”ndan 3 medalla döndülər

Martın 15-də Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə II Açıq Təhsil Kuboku keçirilib. Bu yarışda 107 gimnast iştirak edib. Onlar Azərbaycan regionları da daxil olmaqla müxtəlif idman cəmiyyətlərini təmsil ediblər. İştirakçılar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun 7 gimnastı da vardı. Təcrübəli mütəxəssis Rəfiqə Əliyevanın rəhbərliyi altında qızlarımız gözəl çıxış nümayiş etdiriblər.

Yarışların açılış mərasimində Bakı Gimnastika Məktəbinin azyaşlı idmançıları iştirak ediblər. Onlar rəngarəng nümunəvi nömrələr icra ediblər. Qaliblərin mükafatlandırma mərasimində Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Elvin Qurbanov, Bakı Gimnastika Məktəbinin direktor müavini Şahin Kazımzadə və məktəbin təhsil şöbəsinin müdiri Adıgözəl Rəcəbov iştirak ediblər. E.Qurbanov yarışlarda əldə edilmiş uğurlara görə təbrik edib və onlara gələcək idman karyeralarında uğurlar arzulayıb: “Ümid edirəm ki, beynəlxalq səviyyədə bədii gimnastikada azərbaycanlı gimnastların nəticələri daha da yüksək olacaq. Bu məqsədə çatmaq üçün bütün mümkün çətinliklərin öhdəsindən gəlmək niyyətindəyik”. Həmçinin qeyd edilib ki, belə yarışlar bu idman növünün inkişafına, onun gənc nəslin arasında populyarlaşmasına xidmət edir.

Sevindiricidir ki, “Zirvə”nin 3 gimnastı yaxşı yarışaraq fəxri kürsüyə qalxmağı bacarıb. 2004-cü il təvəllüdlü Rzazadə Fatimə qızıl, Qəribli Nurcan isə 2-ci yeri tutub. 2009-cu il təvəllüdlü İbişova Nəzrin isə bürünc medala sahib çıxıb.

İdmançılarımızın bu uğurlu çıxışı münasibətilə onları, məşqçiləri və valideynlərini təbrik edir, daha böyük qələbələrə anil olmalarını arzulayırıq.

SHARE