Xristov dünya 3-cüsü oldu!

Bu gecə noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günü olub. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında 62 kq çəki dərəcəsində kişilər mübarizə aparıb. Azərbaycan milli komandasının üzvü, “Xırdalan-Zirvə” təmsilçisi Valentin Xristov da körpücük üzərinə çıxıb.

Valentin birdən qaldırma hərəkətində üç yanaşmasından ikisini uğurlar yerinə yetirib. O, əvvəlcə 137, sonra isə 141 kq-lıq ştanqın öhdəsindən gəlib. Sonuncu olaraq sifariş verdiyi 143 kq-ı ram edə bilməsə də, Xristov bu hərəkətdə bürünc medala sahib çıxa bildi.

Təkanla qaldırma hərəkətində də Xristov yaxşı çıxış etdi. O, əvvəlcə 171, sonra isə 176 kq-ı ram edə bildi. Son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz oldu. Ancaq buna baxmayaraq, Valentin bu hərəkətdə də 3-cü ola bildi.

Toplamda 317 kq (141+176 ) nəticə göstərən Valentin Xristov yekun sıralamada 3-cü yeri tutaraq dünya çempionatının bürünc medalına sahib çıxdı.

Xatırladaq ki, “Zirvə” Beynəlxalq İdman Klubunun şərəfini qoruyan Valentin Xristov buna qədər London Olimpiadasının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc medalçısı, gənclər arasında dünya və dəfələrlə Azərbaycan çempionu, Avropa rekordunun 11 qat sahibi, bir çox beynəlxalq turnirlərin qalibi idi.

Valentini bu gözəl nəticə münasibətilə təbrik edir, Olimpiya Oyunlarında zirvələri fəth etməyi arzulayırıq!
net

SHARE