VI “Zirvə Oyunları” maraqlı yarışlar və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndi

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi respublikamızın hər yerində olduğu kimi Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində də böyük təntənə ilə qeyd edildi. Belə ki, burada 5 idman növünü özündə birləşdirən VI Zirvə Oyunları baş tutdu. Builki yarışlarda əvvəlcə cüdo və üzgüçülük, ardınca isə karate, bədii gimnastika və ağır atletika üzrə medal mübarizəsinə şahidlik etdik. Yarışlarda ümumən mübarizəyə 600-dən çox yeniyetmə qatılaraq bizlərə böyük idman bayramı yaşatdı. Yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs”-ın medal və diplomları, həmçinin xüsusi hədiyyələri ilə mükafatlandırıldılar.

Bildirək ki, bu oyunlara maraq olduqca yüksək idi. Yarışları izləyən şəxslərin çoxluğu və bir neçə mötəbər qonağın Zirvə Oyunlarına təşrif buyurması sadaladığımız fikirlərin təsdiqi idi. VI Zirvə Oyunları yüksək təşkilatçılıq səviyyəsi ilə də fərqləndi. Yarışı izləyən hər kəs təşkilatçılıq səviyyəsindən məmnunluğunu dilə gətirdi. AAAF Park Yaşayış Kompleksinin bu gözəl təşəbbüsü alqışlandı və ulu öndər Heydər Əliyevin irsinin bu şəkildə qorunub-davam etdirilməsi xüsusi rəğbətlə qarşılandı. Bir həftə ərzində Kompleksin yarış zallarına baş tutan medal mübarizəsi bundan sonra da həm idmançılar, həm məşqçilər, həm də digər mütəxəssis, qonaq və tamaşaçıların yaddaşında uzun müddət qalacaq.

SHARE