Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılan klub – “Zirvə”!

2006-cı ildən rəsmən fəalliyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. İlk maddi dəstəyini 2001-ci ildə ümummili lider, mərhum prezident Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir. Klubun adı da təsadüfi seçilməmişdir.

Bunun öz tarixçəsi də vardır. Belə ki, hələ 90-cı illərdə Azərbaycanda idmanın inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev ağır atletlərlə görüşmüş, onlara öz himayə və dəstəyini ifadə etmişdi. Görüşlərdən birində klubumuzun hazırkı prezidenti sabiq ağır atlet, idman ustası, müstəqillik dövrümüzdə çıxış etdiyimiz ilk Olimpiya Oyunları – 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərov da olub.

Ümummilli lider Heydər Əliyevin “mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” sözü bu mənada həlledici rol oynamışdır. Tofiq Heydərov klubu yaradarkən mərhum prezidentin sözlərini əsas götürmüş, ad olaraq “Zirvə” seçərək sabiq dövlət başçımızın siyasətinə dəstəyini nümayiş etdirmişdir. Bu klub həmçinin idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. Təkcə, 2013-cü ildə klubun ağırlıqqaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər, bu qələbələrlə yanaşı 7 dəfə rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.

“Zirvə” İdman Klubunun Azərbaycanın bölgələrində böyük kompleksləri vardır. Lənkəran, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait qurulmuşdur. Klubumuzun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 000 kv.m. qapalı sahəyə malik, möhtəşəm AAAF PARK Yaşayış Kompleksindədir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunmuşlar. Bundan başqa yüzə yaxın idman yarışları yüksək səviyyədə klub rəhbərliyi tərəfindən təşkil olunmuşdur.

Ağır atletika, cüdo, gimnastika, futbol, tennis və başqa növlər üzrə bölmələri olan “Zirvə” İdman Klubu beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan – “Zirve İnternational Sport Clubs”-ın bir çox xarici ölkələrdə – Polşa, Bolqarıstan, Rusiya, Türkiyə, Moldova və Ukraynada filiallarını yaradılıb və bu istiqamətdə işlər davam etdirlir. Artıq avqustun 17-də Azərbaycanda, AAAF Park Yaşayış Kompleksinin yeni yarış zalında bu klubun 1-ci Dünya Çempionatı keçiriləcəkdir. 2015-ci ildə isə minlərlə idmançının iştirak edə biləcəyi “1-ci Ümümdünya Zirvə Oyunları”nın da ən yüksək səviyyədə keçirməyi nəzərdə tutulub.

“Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində ümummilli lider, mərhum prezident Heydər Əliyevin siaysətini layiqincə davam etdirən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana qayğı siyasətinə dəstək verilir və bu addımlar gələcəkdə də davam etdiriləcəkdir.

SHARE