Tofiq Heydərov idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görüldü!

Yanvarın 27-də “JW Marriott – Abşeron” otelində Gənclər və İdman Nazirliyi və “Sportsman” jurnalının birgə təşkil etdiyi və 2017-ci ilin yekunlarına həsr olunan qala-gecə keçirilib. Tədbirdə nüfuzlu “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb. Ölkə idmanının tanınmış simaları, keçmişin və bu günün çempion və qalibləri, böyük idman xadimləri, müxtəlif qonaqların da iştirak etdiyi mərasimdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti və Azərbaycan Ağır Atletika Federasiyasının 1-ci vitse-prezidenti Tofiq Heydərov mükafata layiq görülüb. Ona “Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə” xüsusi Fəxri Fərman təqdim edilib.

Mükafatı qəbul edən Tofiq Heydərov əvvəlcə hamını salamlayıb. O, ürək sözlərini belə ifadə edib: “Məni mükafata layiq gördüyünüzə görə təşəkkür edirəm. Azərbaycan idman ölkəsidir, hər keçən gün bu inkişaf artır. Mən də öz növbəmdə bunun üçün əlimdən gələni edirəm. Ağır atletika idman növünün təbliği, gücünün artması üçün mütəxlif tədbirlər həyata keçirilir. Onlardan biri də yeni zalların açılıb-istifadəyə verilməsidir. Məncə, bütün idmançılar yarışlardan əldə etdikləri mükafatlarla kiçik də olsa bir zal açmalıdır. Bu, ölkəmizin idmanının inkişafına böyük dəstəkdir. İllər öncə biz də ümummilli lider Heydər Əliyevin verdiyi pulla işə başladıq və hazırda Azərbaycanın əksər ərazilərində, həmçinin ölkə xaricində zallarımız var. İnanıram ki, tutduğumuz yol doğrudur, bizə uğur gətirəcəkdir”.

Tofiq Mirhəsən oğlu Heydərov idmançı karyerası ərzində 16 yaşında SSRİ idman ustası normasını yerinə yetirib, SSRİ-nin yığma komandası tərkibində 1990-cı ildə Macaristanda keçirilən “Dostluq” kubokunun qalibi olub. Dəfələrlə Azərbaycan çempionu və rekordçusu olaraq SSRİ birincilikləri və beynəlxalq yarışların mükafatçısı adını qazanıb. Atlanta Yay Olimpiya Oyunları, həmçinin Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edən ilk atletlərimizdən olub. Heydərov məşqçilik fəaliyyəti zamanı da böyük uğurlar əldə edib. Tələbələri dəfələrlə Avropa və Dünya çempionatlarının mükafatçısı, üç dəfə Olimpiya oyunlarının iştirakçısı olmağı bacararaq adını tarixə yaza bilmişdir. 2011-ci ildən beynəlxalq dərəcəli hakimdir.

Klub rəhbəri kimi fəaliyyətində Tofiq Heydərov “Zirvə” İdman klubunu dünyanın ağır atletika üzrə ən güclü klublarından birinə çevirməyi bacarıb. Klub fəaliyyətə başladığı vaxtdan bu günədək Azərbaycan idmanına uğurlu töhfəsi ilə fərqlənib. Azərbaycan idmanının lider klublarından biri, ağır atletikanın isə uğur lokomotivi olan klubun mərkəzi bazası Xırdalan şəhərində, AAAF Park Yaşayış Kompleksində yerləşir. “Zirvə”nin Azərbaycanın bölgələrində klubları fəaliyyət göstərir və burada idmançılar üçün hər bir şərait yaradılıb.

2006-cı ildə təsis etdiyi Zirvə Beynəlxalq İdman Klublarının Azərbaycan da daxil olmaqla, ümumilikdə 12 ölkədə 28 filialı da mövcuddur. 2017-ci ildə klubun AAAF Park Astara və AAAF Park Moldovada təlim-məşq bazalarının açılışı olub.

Klubun çoxlu sayda yeniyetmə və gənc idmançıları beynəlxalq yarışlarda iştirak edərək vətənə medallarla dönməyi bacarıblar. 2017-ci ildə isə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində və ümumilikdə beynəlxalq turnirlərdə ayrı-ayrı hərəkətlər üzrə 27 medal qazanılıb ki, onlardan da 8-nin əyarı qızıl, 8-i gümüş və 11 –i bürünc medaldır. Bununla yanaşı, atletlərimiz tərəfindən 7 Avropa rekordu da müəyyən edilib.

“Zirvə Beynəlxalq İdman Klubları”nın 2018-ci il üçün də böyük planları var. Klub Bakıda və regionlarda yeni zalların açılmasını, onların ağır atletika avadanlıqları ilə təchiz edilməsini və bu idman növündə kütləviliyə nail olmağı əsas hədəf götürüb.

Bundan əlavə, klubun təsis etdiyi AAAF Park Yaşayış Kompleksində yerləşən idman təmayüllü “Zirvə” liseyində beynəlxalq yarışların hazırkı və gələcək qalib və müfakatçıları yetişdirilir, onların böyük idmançı olmaqla yanaşı, cəmiyyətimizə layiqli vətəndaş kimi qazandırılması yolunda addımlar atılır.

SHARE