Tofiq Heydərov: “AAAF Park idmanla bağlı layihədir”

Tofiq Heydərov bütün suallara aydınlıq gətirdi

“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, “AAAF-İnşaat MMC”-nin təsisçisi və AAAF Park Yaşayış Komplesinin qurucusu, ağır atletika üzrə SSRİ İdman ustası, Atlanta Olimpiya Oyunlarının iştirakçısı Tofiq Heydərov son vaxtlar onunla və rəhbərlik etdiyi təşkilatla, komplekslə bağlı danışılan bütün məsələlərə aydınlıq gətirib. Onunla “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni sizə təqdim edirik.

– AAAF Park layihəsinin yaranma səbəbi haqda nə deyə bilərsiniz?

– AAAF Park idmanla bağlı bir layihədir. Burada sağlam həyat tərzi – idmanla yaşayış evlərinin vəhdəti təmin edilib. Məram isə birdir: yenicə məşqlərə başlamış bir idmançının zirvələrə yüksəlməsi üçün nə şərait lazımdırsa, bir məkanda, kompleks şəklində təmin edilsin. Ən kiçik yaşlı uşaq belə əvvəlcə “Zirvə Uşaq Akadamiyası”nda gimnastika, üzgüçülük, şahmat, cüdo və başqa idman növləri ilə müntəzəm məşğul olub, yarışlarda iştirak etmək hüququ qazana bilir. 6 yaşdan sonra isə artıq idman təmayüllü, elə kompleksimizin ərazisində olan “Zirvə liseyi”ndə peşəkar məşqçilər tərəfindən ən yüksək səviyyədə təmin olunmuş şəraitdə məşqlərini davam etdirməyə nail olurlar. Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən “Zirvə” Beynəlxalq İdman Klubunun əsas təlim-məşq bazası da məhz bizim AAAF Park-dır. Yəni biz burada sakin olan hər kəsin sağlam həyat tərzi ilə yaşaması, uşaqlarının sağlam, vətənə layiqli övlad kimi böyüməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Ümumiyyətlə, bu layihə mənim bir idmançı, məşqçi və klub rəhbəri işlədiyim dövrlərdə qarşılaşdığım problemlərdən yaranan bir layihədir. İdmanın inkişafına nə lazımdırsa, bu layihəyə daxil edilib, mükəmmələ çatdırılıb.

– “Problemlərdən yaranan layihədir” deyəndə nəyi nəzər tutursunuz?

– Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində idmanda vəziyyət çox pis idi. Normal məşq etməyə belə zallarımız yox idi. Heç bir təlim-məşq toplanışı olmadan 1994-cü ildə İstanbulda keçirilən dünya çempionatında ilk dəfə olaraq respublikamızı öz hesabımıza yarışa getməklə təmsil edə bildik. Ölkədə ağır atletika üzrə məşq edən idmançı qalmamışdı. Tanınmış atletlərimiz Asif Məlikov və Əhməd Şahbazov Ukrayna, Elxan Süleymanov Türkiyəyə gedərək məşq edə bilmək üçün respublikanı tərk etmişdilər. O vaxt təkcə mən yetirmələrimlə sona qədər mübarizə aparırdım. 1995-96-cı illərdə Avropa çempionatında 5-ci yeri tutaraq Olimpiya Oyunlarına lisenziya alandan sonra bizim üçün şəraitlər qurulmağa başladı. “Neftçi” İdman Sağlamlıq Mərkəzinin (İSM) Suraxanıdakı İdman-Olimpiya Oyunlarına hazırlıq üçün bizim istəyimizlə 3 aya inşa edilərək istifadəmizə verildi. Açılış mərasimində iştirak edən ümummilli liderimiz Heydər Əliyev mənim Olimpiya Oyunlarındakı çıxışımı yüksək qiymətləndirərək, bizim üçün şəraitin daha da yaxşılaşdırılması üçün tapşırıqlar verdi. Bir neçə ay sonra prezidentimiz Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə, “Azərbaycan Hava Yolları”nın rəhbəri Cahangir Əsgərov isə Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildilər. Bununla da ağır atletika və ümumilikdə idmanımızda çətinliklər aradan qaldırılmağa başladı. Artıq bu gün Azərbaycan dünyanın ən güclü inkişaf etmiş idman ölkəsinə çevrilib.

– Təsis etdiyiniz “Zirvə” İdman Klubunun rayon və kəndlərdə çoxlu idman kompleksləri fəaliyyət göstərir. Yüzə yaxın məşqçi saxlanılması və ildə 16 dəfə yarışların keçirilməsi necə maliyyələşdirilir?

– Əvvəllər bu vəsaitləri tikinti şirkətimizin qazancı hesabına edirdik. İndiki zamanda bunu etmək çox çətindir. “AAAF Park” layihəsi bizim bütün bu problemlərimizi həll edən layihədir. “Zirvə” İdman Komplekslərinin ətrafında inşa etdiyimiz yaşayış evlərində yaşayan sakinlərimizə pullu idman xidmətləri göstərməklə klubumuz çox rahat şəkildə maliyyələşə biləcəkdir. Hazırda bütün idman komplekslərimizin yanında bu layihənin həyata keçirilməsi üçün işlər gedir. 2006-cı ildən fəaliyyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik bir idman klubu olan “Zirvə”, idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi, eyni zamanda dövlətimizin idmana qayğı siyasətinə öz dəstəyini vermək məqsədi ilə yaradılmışdır.

Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıqqaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər, bu qələbələrlə yanaşı 7 də rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.

– Klubun digər respublikalarda da – Polşa, Ukrayna, Moldova, Rusiya, Türkiyə, Bolqarıstan, Gürcüstan və digər ölkələrdə bölmələri açılır. Bu addım idmanımızın inkişafına nə dərəcədə köməklik göstərəcəkdir?

– Bilirsiniz ki, ölkəmizdə idmana qayğını ümummili liderimiz Heydər Əliyev öz üzərinə götürmüşdü və hər dəfə görüşəndə “bu qayğını siz daima hiss edəcəksiniz” deyirdi. Həqiqətən də idmançılar hər addımda bu qayğını hiss edir. Artıq bu qayğıdan dünya idmanı belə faydalanmağa başlayıb. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatlarının təşkilinin ölkəmizə həvalə olunması cənab prezident İlham Əliyevin bu sahədə apardığı siyasətin necə düzgün olduğuna ən gözəl nümunədir. Biz idmançılar və mütəxəssislər də öz idman növümüzün inkişaf etdirilməsində dövlətimizə dəstək olmalıyıq. Sualınıza gəlincə, ağır atletika üzrə klublararası beynəlxalq yarışların keçirilməməsi bizi bu addımları atmağa məcbur etdi. Bu layihə ilə kiçik yaşlı uşaqlarımızın artıq 12 yaşdan beynəlxalq səviyyədə təşkil olunmuş yarışlarda ildə 6 dəfə iştirak etmək hüququ qazana bilirlər. Qonşu respublikalarımızda təlim-məşq toplanışları keçirəndə böyük məbləğdə vəsait xərclənirdi. Artıq respublikamızın atletləri pul ödəmədən hazırlaqlarını bizim digər respublikalarda olan bazalarımızda müntəzəm olaraq keçirə biləcəklər. Bu da idmanımızın inkişafına daha da kömək göstərəcəkdir.

– Avqustun ayında “Zirvə” Beynəlxalq İdman Klubları arasında ağır atletika üzrə 1-ci dünya çempionatı keçirildi. Bu tədbiri xarici respublika ictimaiyyəti və federasiya rəhbərləri necə qarşıladılar?

– Çox müsbət. Yarışa qatılan 150-yə yaxın idmançı və məşqçi AAAF Park Yaşayış Kompleksini ilk dəfə görəndə təəccüblərini gizlədə bilmədilər. Ağır atletlər üçün dünya miqyasında yaradıla biləcək ən yüksək şəraitin olduğunu dilə gətirdilər. Çox qısa müddət ərzində inşa etdiyimiz yeni yarış zalı da onları valeh etmişdi. 10 ölkədən gələn idmançıların qalma, qidalanma, yol, bir sözlə bütün xərcləri ödənildi, onların ən kiçik istəyi belə yerinə yetirildi. Beynəlxalq səviyyəli yarış keçirdik. Gələnlər arasında tanınmış sabiq idmançılar, eləcə də rəhbər şəxslər vardı. Onlar burada şəraitin qurulmasında əməyi olan hər kəsə, eləcə də Azərbaycan Respublikası rəhbərliyinə təşəkkürlərini bildirdilər. Məlumat üçün qeyd edim ki, bütün iştirakçılar bizim ölkə xaricindəki klublarımızın il ərzində seçilən və yarışlarda fərqlənənlər arasından seçilmişdi. Filiallar beynəlxalq layihəmiz olan “Zirve İnternational Sport Clubs” çərçivəsində qurulduğundan oralarda da keçirilən bütün tədbirlərdə Azərbaycan bayrağı qaldırılır. Yadıma gəlir, 1989-cu ildə SSRİ birinciliyində üçrəngli bayrağımızı qorxa-qorxa sinəmdə daşıyaraq yarışa çıxmış, böyük çətinliklər yaşamışdım. Həmin problemlərdən sonra bugünkü vəziyyətə görə hər an Allaha şükür etməliyik. Bizim klub çalışır ki, dəstəyə ehtiyacı olan bütün ağır atletika ailəsinə yaxından kömək etsin. Çünki ağır atletikanın vəziyyəti çox yerlərdə yaxşı səviyyədə deyil.

– Gördüyünüz bu işlərdə sizə mane olanlar çoxdur. Son vaxtlar mətbuatda sizin haqqınızda yalan məlumatlar buna nümunə ola bilər. Bu haqda nə deyə bilərsiniz?

– Uzun illərdir respublikamızda bir çox şirkətlərə rəhbərlik edirəm. Heç vaxt səbəbsiz olaraq işlərimizə müdaxilə edilməsini görməmişəm. Kənardan baxana başqa cür görünə bilər. Amma biz bu müdaxilələrin səbəbini və günahını özümüzdə axtarmışıq. Həqiqətən də səbəb olan səhvi tapandan sonra işlər yenə qaydası ilə getdiyinin şahidi olmuşuq. Azərbaycan iş gördüyümüz digər respublikalarla müqayisədə çox inkişaf edib. Sadəcə, bir çox iş adamları və işə götürdükləri işçi kadrlar hər biri işi görərkən dövlət və müdiriyyəti aldatmağa çalışırlar. Və bunun da nəticəsi çox acınacaqlı bitir. Biz belələrindən deyilik. İşimiz həmişə qanun çərçivəsində görmüşük, böyük vergi ödəyicisiyik, məqsədimiz də yalnız pul qazanmaq yox, həm də ölkəmizə xidmət etməkdir. Başqaları belə etmədiklərindən bizlərə paxıllıq edir və qaralamağa çalışırlar. Ancaq haqq həmişə yerini tapır. Biz halal adamlarıq, qazandığımız hər qəpik halaldır. Səhvi özümüzdə axtarıb kimisə günahlandırmırıq. Başımızı aşağı salıb işimizi görürük. Çünki bilirik ki, istənilən ittihama cavab ortaya qoyulan işdir.
Biz iş adamları və klub rəhbərləri öz işimizi düzgün qurmaqla respublikamızın inkişafına xidmət etməliyik.

– Yazılanlar içərisində daha çox sizin bütün işlərinizdə AZAL-ın prezidenti Cahangir Əsgərov və Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevə bağlayırlar. Bunlar həqiqəti nə dərəcədə əks etdirir?

– Bilirsiniz ki, ağır atletikada klubumuzun uğurları nəzərə alınaraq 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasına vitse-prezident seçildim. Özüm də sabiq aır atlet, Olimpiya Oyunlarının iştirakçısı, İdman ustasıyam. 2011-ci ildə işlərimiin çoxluğunu nəzərə alaraq, öz xahişimlə postumdan ayrıldım. Ancaq ağır atletikaya köməyimi dayandırmadım və xidmətlərimi indiyə qədər də klub səviyyəsində davam etdirirəm.
Yaratdığım bütün şirkətlərin – istər tikinti, istərsə də idman – nizamnaməsində məqsədin ağır atletikanın inkişaf etdirilməsi olduğu xüsusi qeyd olunur. Cahangir Əsgərovla əlaqəmiz yalnız bu müstəvidədir. Mən bir ağır atletika klubunun rəhbəri, o isə federasiya prezidentidir. Başçılıq etdiyim “AAAF İnşaat MMC”, AAAF Park Yaşayış Kompleksi və “Zirvə” İdman Klubunun onunla heç bir əlaqəsi yoxdur. Azərbaycan Beynəlxalq Bankının (ABB) prezidenti Cahangir Hacıyevə gəlincə… Mən Cahangir müəllimi bir dəfə olsun belə görməmişəm. Əvvəllər başqa banklarla işləyirdik. Sonradan ABB-nin həm dövlət bankı olması, həmçinin düzgün işləməsini nəzərə alaraq, kreditləri onlardan götürmək qərarına gəldik.

– Sizin müxtəlif dini qruplaşmalara dəstək verməyiniz barədə də çox şeylər yazılmışdı…

– Azərbaycan tolerant ölkədir. Biz də “AAAF Park” olaraq sakinlərimiz arasında fərq qoymadan bu siyasəti davam etdiririk. Ancaq Azərbaycanda bundan istifadə edən qüvvələr var. Bir neçə idmançını yoldan çıxarıb öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər. Biz minlərlə idmançını maliyyələşdiririk ki, içərisindən bir, iki Olimpiya çempionu çıxsın. Sonunda bizim əziyyətlər boşa çıxır. Məcbur olduq, səhv yola düşən bir neçə tanınmış idmançını AAAF Park ərazisindən kənarlaşdıraq. Buna görə bizə təzyiqlər də oldu. Bizim şirkətlərimiz çox inkişaf edib. Hər təbəqədən olan insanlar bizə müraciət edir, biz də onların hamısı ilə bərabər rəftar edir, hamının yanında hörmətimizi saxlayırıq. Məmurlar, idmançılar və dindarlarla da öz dillərində danışırıq. Ona görə də məni gah hansısa məmurun adamı, gah vəhabi, gah nurçu, gah da ki İranın adamı kimi qələmə verirlər.

Mən xahiş edirəm, heç kim bu şayiələrə inanmasın, heç kəsi mənim adımla birgə hallandırmasınlar. Din məsələsinə qaldıqda, mən idman mütəxəssisiyəm. Azərbaycanda qadın ağır atletikasını mən ortaya çıxarmışam. Rəhbərlik etdiyim klubda da bədii gimnastika ikinci bir idman növü kimi uzun illərdir ki, fəaliyyət göstərir. Məndən çətin dindar ola. İbadətimi özüm üçün anladığım qədər edə bilirəm və bütün işlərimdə də Allahın adını ən başda və uca tuturam.

Tofiq-Heydarov

AAAFPark

AAAFPark1

SHARE