Tofiq Heydərov: Ağır atletika idman növü Azərbaycanda inkişaf mərhələsini yaşayır

Son illər sürətlə inkişaf edən Azərbaycan bütün istiqamətlərdə, o cümlədən idman sahəsində də əldə etdiyi uğurlar sayəsində dünyada idman dövləti kimi tanınır. Təkcə son bir neçə ildə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər nüfuzlu turnirlərdə əldə etdiyi nailiyyətlərlə yanaşı, Azərbaycanın ən mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir.

Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də ağır atletikadır. Azərbaycanda son illər idmanın bu növünün inkişafı, kütləviliyinin artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, mütəmadi yarışlar təşkil olunur, yeni idman kompleks və zalları istifadəyə verilir.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 1-ci vitse-prezidenti, “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov ölkəmizdə idmanın bu növünün inkişafı və perspektivləri ilə bağlı AZƏRTAC-ın əməkdaşına müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Azərbaycanda ağır atletikanın inkişafını necə qiymətləndirirsiniz?

– Bu gün ağır atletika idman növü Azərbaycanda inkişaf mərhələsini yaşayır. Ötən il Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti və 50-yə yaxın ölkədən federasiya nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizdə oldular. Səfər zamanı onlar idmanın bu növünün inkişafı, Şüvəlandakı Ağır Atletika Akademiyasında və “AAAF Park” təlim-məşq bazasında yaradılan şərait ilə yaxından tanış oldular. Sevindirici haldır ki, beynəlxalq federasiyanın baş katibi Bakıda çıxışında ölkəmizin ağır atletika idman növünün dünya mərkəzi olduğunu diqqətə çatdırdı. “Bakı-2017”dən sonra bir çox ölkənin milli komandası təlim-məşq toplanışı üçün Azərbaycana gəlib. Səudiyyə Ərəbistanı və Misir komandası hazırlıq prosesini başa vurub qayıdıb. Yaxın günlərdə Əlcəzair yığması təlim-məşq toplanışı üçün ölkəmizə gələcək. İlin sonunadək daha bir neçə ərəb ölkəsi hazırlığını Bakıda keçəcək. Bu, ölkəmizdə ağır atletikanın inkişafı, yaradılan şəraitdən xəbər verir.

Hazırda yeniyetmələrdən ibarət güclü komandamız var. Atletlərimiz ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində medal hesabında birinci oldular. Yeniyetmələrin lisenziya xarakterli olan Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində komandamız ilk onluqda qərarlaşdı. Komandamız, həmçinin bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə edib. Dopinq qalmaqallarına görə, böyüklərdən ibarət milli komandamızda bir az zəiflik yarandı. Amma yeniyetmələrimiz bizi sevindirirlər. İstəyirik ki, qısa zaman ərzində bu boşluğu dolduraq.

Regionlarda maddi-texniki bazalarımız yüksək səviyyədədir. Bir müddət əvvəl Bakıda və Sumqayıtda Ağır Atletika Mərkəzlərinin açılışı oldu. İyirmidən artıq kənd və rayonda zallar inşa olunub. Əgər nəzər salsaq görərik ki, regionlardan olan idmançılar uğurları ilə bizi daha çox sevindirir. Federasiya olaraq biz də bunu nəzərə alaraq kəndlərdə zalların inşasını davam etdiririk. İl ərzində bir çox yarışlar təşkil edirik. Həmin yarışlar zamanı “Zirvə” liseyində fəaliyyət göstərən ağır atletika sinfi üçün uşaqlar seçirik. Dünyanın heç bir ölkəsində atletlər üçün belə şərait yaradılmayıb. Biz çalışırıq gələcəkdə bu siniflərin sayını daha da artıraq. Təhsil alan uşaqlar üçün burada hər cür şərait yaradılıb. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Müstəqilliyimizin ilk illərində məşq etməyə kiçik zalımız belə yox idi. Çox çətin şərait idi. Ümummilli lider Heydər Əliyev bizimlə görüşəndən və idmana qayğını öz üzərinə götürəndən sonra şərait tam olaraq dəyişməyə başladı. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycanda ağır atletikanın inkişafında yeni mərhələ açıldı.

– Yeniyetmələrin III Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı gözlənilirmi?

– Millimiz dünya birinciliyində komanda hesabında doqquzuncu olmaqla Olimpiadaya bir lisenziya qazanıb. Qadınlardan ibarət millimiz iyulda İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcək. Komandamızın daha bir lisenziya qazanmaq şansı var. Hazırda ağır atletika idman növü üzrə oğlanlarda bir lisenziyamız var. Bu yerə dörd atletimiz iddialıdır. Azərbaycan və Avropa birincilikləri başa çatdıqdan sonra biz Olimpiadada ölkəmizi hansı idmançının təmsil edəcəyini dəqiqləşdirəcəyik. Ümid edirəm ki, idmançımız Buenos-Ayresdə uğurla çıxış edib mükafatçılar sırasında yer alacaq. Qadınlardan ibarət milli komandamız yeni yaradılıb. Səbinə Əzimovaya böyük ümidimiz var idi. Üçqat Avropa çempionu olan Səbinə Əzimova artıq gənclər arasında çıxış edir.

– Ağır atletlərimizin qarşıdakı yarışlara hazırlığı barədə nə deyə bilərsiniz?

– Əsas məqsədimiz Yeniyetmələrin III Olimpiya Oyunlarına hazırlıqdır. Eyni zamanda, bu ildən “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalların toplanmasına başlanıb. Böyüklərdən ibarət millimiz belə yarışlara çox ciddi hazırlaşır. Millimizin heyətini gənc və yeniyetmələr təşkil edəcəklər. Biz də çalışırıq ki, onlar medala yaxın səviyyəyə yüksələ bilsinlər. Millimiz üçün ilboyu təlim-məşq toplanışları təşkil olunur. Əvvəllər il ərzində ən yaxşı halda doqquz hazırlıq prosesi baş tuturdu. Yarışlara vaxtımız az olduğu üçün çox ciddi hazırlaşırıq.

– İdmanın bu növünün kütləviləşməsi istiqamətində hansı addımlar atılır?

– Biz əsasən regionlarda maddi-texniki bazanın inkişafına üstünlük veririk. Yeni zallar istifadəyə verilir. Ötən il respublikamızda olan zalların demək olar ki, çoxu federasiyanın hesabına təmir olundu, yeniləri istifadəyə verildi. Hazırda onları müasir avandanlıqla təchiz edirik. Çalışırıq ki, respublikamızda atletlər üçün yaxşı şərait olsun. Artıq ikinci ildir zona (mərhələ) yarışları təşkil olunur. Hər iki aydan bir 3 zonada yarışlar keçirilir. Yeniyetmə idmançılar məhz bu yarışlardan seçilirlər. Əvvəllər respublika birinciliyində 100-150 atlet iştirak edirdisə, son zona yarışında 500-ə yaxın idmançı körpücük üzərinə çıxıb. Sevindirici haldır ki, biz kütləviliyə nail olmağa başlamışıq. Hədəf götürmüşük ki, 2020-ci ildə zona yarışlarında iştirakçı sayını minə çatdıraq.

Bu gün Azərbaycan Ağır Atletika Federasiyası dopinqlə mübarizə şəraitində fəaliyyət göstərir. Biz həmişə qeyd edirik ki, dopinqsiz də uğur əldə etmək olar. Azərbaycanda idmanın bu növündə yetərincə istedadlı atletlər var. Ən əsası biz həmin uşaqları zona yarışlarından seçib müsabiqə yolu ilə “Zirvə” liseyinə dəvət edirik. Milli komandaya üzvlər belə hazırlanır. Əvvəllər Lerikdə heç vaxt ağır atletika idman növü olmayıb. Ancaq Yeniyetmələrin III Olimpiya Oyunlarına namizədlərdən biri məhz lerikli atletdir. Həmçinin bir müddət əvvəl Lerikin Piran kəndində yeni zalın açılışı oldu. Samuxda beynəlxalq standartlara cavab verən bazamız fəaliyyət göstərir. Qax, Zaqatala, Qazax və Qusarda yeni zalların açılışı gözlənilir. Neftçalanın 5 kəndində zallar artıq istifadəyə verilib. Cari ildən bu günədək 3 yeni zalın açılışı olub. İlin sonunadək daha 7 zalın istifadəyə veriləcəyi gözlənilir. Federasiya tərəfindən məşqçilərlə müqavilə imzalanıb və onlara hər idmançıya görə ayda məvacib ödənilir.

– “Zirvə” beynəlxalq idman klublarının (BİK) fəaliyyəti barədə nə deyə bilərsiniz?

– “Zirvə” BİK-in 12 dövlətdə 26 klubu fəaliyyət göstərir. Klubların əsas məqsədi Azərbaycanda və dünyada ağır atletika idman növünün inkişaf etdirilməsidir. Ötən il Moldovada “Zirvə” BİK-in klublarası X dünya kuboku yarışları təşkil olundu. Orada Azərbaycan yığmasının təlim-məşq bazası formalaşdırılıb. Keçən il qadınlardan ibarət millimiz Moldovada hazırlıq keçib.

Klubda artıq digər idman növləri də fəaliyyət göstərir. Bura gimnastika, cüdo, karate, futbol və üzgüçülük daxildir. Hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə yeniyetmələr arasında Zirvə Oyunları təşkil olunur. Cari ildə təşkil olunan Oyunlarda minə yaxın idmançı iştirak etdi. Bu gün ölkəmizdə idmanın inkişafında əsas yeri klublar tutmalıdır. Əgər federasiya milli komandaların üzvlərinin hazırlığı ilə məşğul olursa, yığmaya idmançılar vermək üçün klublarımız güclü fəaliyyət göstərməlidirlər. Federasiya olaraq biz yeni klubların yaradılması istiqamətində lazımi addımlar atırıq. Sanki klubumuz dünyaya Azərbaycanın bir idman ölkəsi olmasını nümayiş etdirir. Cari ildə keçiriləcək bütün respublika çempionatları Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunacaq. Həmçinin bu il “Zirvə”nin 12 yaşı tamam olur. Bununla bağlı ilin sonunda turnir təşkil olunacaq. Həmçinin xarici ölkələrin birində “Zirvə” kuboku yarışları baş tutacaq.

– Ölkəmizdə qadınlar arasında ağır atletikaya maraq necədir?

– Azərbaycanı ilk dəfə Olimpiya Oyunlarında Təranə Abbasova təmsil edib. O da yüngül atletika idman növü ilə məşğul olan bir idmançı idi. Yeri gəlmişkən, o hazırda qadınlardan ibarət yığma komandamızın baş məşqçisidir. Ağır atletikada qadınların yarışına 1990-cı illərin əvvəllərində start verilib. Qadın atletlərimiz də əsasən regionları təmsil edirlər. IV İslam Həmrəyliyi Oyunlarında Səbinə Əzimova yeniyetmə olmasına baxmayaraq, bürünc medal qazandı. Qadın atletlərə ümidimiz böyükdür. Düzdür, bu il keçiriləcək Avropa birinciliyində onlardan medal gözləmək düz olmaz. Millimizdə yeganə legioner Boyanka Kostova qalıb. Onun da dopinq cəzasının müddəti başa çatır. Dünya çempionumuz “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlaşacaq. Federasiyanın əsas məqsədi legionersiz komanda qurmaqdır.

Mənbə: https://azertag.az/xeber/Tofiq_Heyderov_Agir_atletika_idman_novu_Azerbaycanda_inkisaf_merhelesini_yasayir-1169413

SHARE