Şüa Hüseynovun 80 illik yubileyi qeyd edildi

AAAF Park Yaşayış Kompleksində ağır atletika mütəxəssisi, bu idman növünün inkişafında xüsusi əməyi olan Şüa Hüseynovun 80 illik yubiley mərasimi keçirilib. Tədbirə çox sayda veteran atlet, mütəxəssis və digər mötəbər qonaqlar qatılıb. Mərasimdə ilk olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, AAAF Holdinqin rəhbəri Tofiq Heydərov çıxış edib. O, Hüseynovun Azərbaycan ağır atletikasının keçmişində müstəsna fəaliyyəti barədə xoş sözlər deyərək uzun illər ərzində idmana xidmətini yüksək qiymətləndirib. Tofiq Heydərov çıxışdan sonra Azərbaycan Ağır Atletika Federasiyasının xüsusi hədiyyəsini – yubilyarın fotosunun toxunduğu xüsusi xalçanı Şüa Hüseynova təqdim edib.

Daha sonra Gənclər və İdman naziri Azad Rəhimovun təbrik məktubu oxunub. Məktubda yubilyarın Azərbaycan idmanının inkişafındakı xidmətlərini qeyd edən nazir, fəaliyyətinə görə Hüseynova təşəkkürünü bildirib, ona uzun ömür arzulayıb. Nazirliyin nümayəndəsi Fəxrəddin İsmayılov da tədbirdə söz alaraq AAAF-ın sabiq prezidenti Şüa Hüseynovu təbrik edib.

Tədbir ərzində AAAF-ın rəyasət Heyətinin üzvü Azad Mustafayev, ağır atletika mütəxəssislər Namiq Nəcəfov, Cəbrayıl Cəbrayılov, Tofiq Cəbrayılov, ADBTİA-nın təkmübarizəli idman növləri kafedrasının müdiri Xanlar İbrahimov da çıxış edərək Şüa Hüseynovun həyat fəaliyyəti haqqında xoş fikirlər bildirib, əldə etdiyi uğurlar, nailiyyətlər, gördüyü işlər barədə danışıb və təbriklərini çatdırıblar.

80 illik yubileyini qeyd edən Şüa Hüseynov da çıxış edərək tədbirə gələn, nitq söyləyən hər kəsə, təşkilatçılara, xüsusilə də Tofiq Heydərova təşəkkürünü bildirib, bu günün onun həyatının ən əlamətdar günlərindən birinə çevrildiyini diqqətə çatıdırıb.

Mərasim bədii hissə ilə davam edib.

SHARE