“Sağlam Ailə” Tibb Mərkəzinin AAAF Park filialı açıldı

AAAF Park Yaşayış Kompleksi idmanla və adi həyatın sintezidir. Bunların hər ikisi üçün sağlamlıq vacibdir. AAAF Parkda mütləq olması gərəkən obyektlərdən biri də xəstəxana idi ki, geniş xidmət halqamıza o da bu gündən qoşuldu. Artıq martın 17-dən etibarən ölkənin ən tanınmış tibb mərkəzlərindən olan “Sağlam ailə” də sakinlərimizin ixtiyarına verildi.

2003-cü ildən fəaliyyətə başlayan “Sağlam Ailə” Tibb Mərkəzi respublikamızın uğurla inkişaf edən tibb müəssisəsi kimi tanınır. Qısa müddət ərzində uğurlar əldə edərək daima insanların güvəndiyi və etibar etdiyi bir tibb müəssisəsi kimi qalmaq, uğurlu bir məqam kimi qiymətləndirilə bilər. Burada laborator və poliklinik xidmətlər göstərilir. Onların içərisinə müxtəlif analizlər, həmçinin qastroenterologiya, andrologiya, urologiya, ginekologiya, endokrinologiya, kosmetologiya, otorinolarinqologiya, oftalmologiya, pediatriya, terapiya, kardiologiya, genetika, allerqologiya, dermatologiya və nevrologiya daxildir. Yüksək səviyyəli mütəxəssislərin çalışdığı tibb mərkəzi böyük nüfuz və etibara malikdir. Bu qurumun AAAF Park Yaşayış Kompleksində fəaliyyətə başlaması bütün sakinlərimiz üçün dəstək və rahatlılıqdır. “Sağlam Ailə” kimi mərkəzin xidmətlərindən bir neçə addımlıq məsafədə yararlanmaq şansı hər kəsi sevindirir. “Sağlam Ailə” Tibb Mərkəzinin AAAF Park filialı açılış mərasimi maraqlı alındı. “Sağlam Ailə” mərkəzlərinin ictimai əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli hər kəsi salamlayaraq açılışla bağlı təbrik etdi. Sonra qırmızı lent kəsildi, alqışlar səsləndi.

Daha sonra “Sağlam Ailə” tibb mərkəzləri qrupunun rəhbəri Vüqar Eyvazov, PR və Marketinq şöbəsinin rəhbəri Nigar Rüstəmli və “AAAF Park Xırdalan”ın direktoru Əli Nəbiyev giriş nitqi səsləndirdilər. Qeyd olundu ki, bu mərkəzin Kompleksimizdə fəaliyyətə başlaması həm şirkət olaraq hər iki tərəfə, həm də sakinlər üçün böyük stimul olacaqdır. Keyfiyyətli xidmət, peşəkar personal, rahatlıq artıq lap yaxındadır. Vüqar Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstəyi önə çəkdi. O qeyd etdi ki, məhz dövlət başçısının yerli biznesə yaratdığı şərait başqaları kimi “Sağlam Ailə” üçün də təkan oldu. AAAF Park rəhbərliyinə dəstək üçün təşəkkür edən və bütün personalı təbrik edən Eyvazov bildirdi ki, çoxdandı gözlənilən açılışın Novruz bayramı ərəfəsinə təsadüf etməsi də xoş və düşərli məqamdır.

Nigar Rüstəmli isə nitqi zamanı tibbi personalın xüsusi diqqətlə seçildiyini dedi. O, mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verdi, Sumqayıtdan sonra 2-ci ən böyük filial məhz burada tikildiyini qeyd etdi. “Sağlam Ailə”nin xəstəxana yox, bir profilaktik mərkəz kimi qəbul olunmasının vacibliyini vurğulayan Rüstəmli, buradakı bütün həkimlərin peşəkar, yüksək səviyyəli mütəxəssis olduğunu və Səhiyyə Nazirliyinin lisenziyasına malik olduqlarını bildirdi. “AAAF Park Xırdalan”ın direktoru Əli Nəbiyev qeyd etdi ki, Xırdalanda ilk özəl tibb müəssisəsinin məhz burada, böyük əhali potensialına malik AAAF Park Yaşayış Kompleksində qurulması da təsadüfi deyildir. Çünki burada həmişə sakinlər üçün ən yaxşısının, ən keyfiyyətlisinin edilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. “Sağlam Ailə” rəhbərliyi və işçi kollektivini təbrik edən Nəbiyev, fəaliyyətlərində uğurlar arzuladı, hər kəs üçün xeyirli olacağına inamını ifadə etdi. Daha sonra tort kəsildi, “Zirvə” Uşaq Bağçasının kiçik rəqs qrupu Novruz rəqsi ilə açılışa rəng qatdı.

Sonda qonaqlar “Sağlam Ailə” Tibb Mərkəzinin otaqları gəzdi, avadanlıqlar, təqdim olunan xidmətlərlə tanış edildi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE