Rüstəm Qasımov fəxri kürsüdə!

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ikinci yarış günü arxada qalıb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Bu gün daha iki atletimiz – Elməddin Hüseynov və Rüstəm Qasımov yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Elməddin Hüseynov birdən qaldırma hərəkətində 111 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub. Təkanla qaldırma hərəkətində atletimiz 135 kq-ı başı üzərinə qaldırıb və 9-cu olub. Toplam 246 kq (111+135) nəticə ilə Elməddin Avropa birinciliyində yekun sıralamada 8-ci pillədə qərarlaşıb.

Yeniyetmələr arasında 2016-cı il Avropa birinciliyinin bürünc, 2017-ci ildə isə qızıl medalçısı olan Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlu yerinə yetirib. 117 kq-ı ram edən Qasımov bu hərəkətdə kiçik gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində atletimizin bəxti gətirməyib və o 137 kq nəticə ilə bu hərəkətdə 6-cı olub. Toplam 254 kq (117+137) nəticə ilə Rüstəm Qasımov yekun sıralamada 5-ci yeri tutub.

Təbrik edirik!

SHARE