Qadın yığmamız Astarada təlim-məşq toplanışındadır

Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. Təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.

Yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-u tarixlərində Kosovoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15-22 oktyabr tarixlərində Albaniyada baş tutacaq gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da qadın yığmamızın məşqini izləyib.O, atletlər üçün bütün lazımi şəraitin yaradıldığını, qidalanma, istirahət, məşq imkanlarının təmin edildiyini qeyd edib.

“Müəyyən vaxtlarda bura baş çəkib idmançıların hazırlıq səviyyəsinin şahidi olur, gedişatla bağlı məşqçilərlə söhbət edirik. Əminik ki, qızlarımız bizi bütün yarışlarda uğurla təmsil edəcəklər” – deyə Rizvan Rəsulov bildirib.

Qeyd edək ki,Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

SHARE