Prezident İlham Əliyev və Birinci Xanım AAAF Parkın stendini ziyarət etdi

Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar. Dövlət başçısı AAAF Park Yaşayış Kompleksinin stendinə baş çəkib. Cənab prezident AAAF Park Astara layihəsilə xüsusilə maraqlanıb. Sahilboyu 4 km məsafədə, təxminən 80 hektar ərazidə inşaasına start verilən bu nəhəng layihə İlham Əliyevin xoşuna gəlib. O, böyük maketdə əks olunan süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binalar- umumilikdə “AAAF Park Astara” layihəsini diqqətlə incələyib, görülən işlər barədə xoş sözlər işlədib. Prezidentə məlumat verilib ki, ötən ilin aprelində açılışında iştirak etdiyi “AAAF Park Astara” dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsinə, yeni iş yerlərinin açılması, burada yaşayan insanların rifahının yaxşılaşdırılması siyasətinə dəstək məqsədi güdür. Dövlət başçısı məmnunluğunu dilə gətirib, tapşırıq və tövsiyələrini verib.

Sərginin ilk günündə AAAF Park sərgi iştirakçılarına “AAAF Park Xırdalan”, “AAAF PARK Gənclər Şəhərciyi” və “AAAF Park Astara” layihələrini geniş şəkildə təqdim edib. Onlara bu günə qədər görülən və bundan sonra görüləcək işlər barədə, istər şifahi, istərsə də videogörüntülər vasitəsilə geniş məlumat verilib. Stendə baş çəkənlərə şirkətin flayer və kataloqları, digər xatirə hədiyyələri təqdim edilib. Ölkənin bütün KİV-ləri tərəfindən AAAF Parka böyük maraq nümayiş etdirilib. Populyar qəzet və saytlar, həmçinin bütün televiziyalar stenddən izləyicilərinə məlumat xarakterli süjetlər hazırlayıblar. Şirkətin təsisçisi Tofiq Heydərov onlara müsahibəsində həyata keçirilən layihələrin xarakteri və mahiyyətindən danışıb. O qeyd edib ki, AAAF Park dövlət siyasətinə dəstək məqsədilə addımlar atır, ölkənin regionlarında bu kimi Komplekslər inşa edərək insanların sosial rifahı və sağlam həyat tərzini düşünərək layihələr həyata keçirir.

Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılıb. Sərginin açılış mərasimində Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub.

SHARE