Prezident İlham Əliyev “AAAF Park Astara” layihəsi ilə tanış oldu – FOTO + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 11-də Astaraya səfər edib. O, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Astaranın Dənizkənarı Park Bulvar Kompleksində yaradılan şəraitlə yaxından tanış olub. Astara Şəhər İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və AAAF Park layihəsinin təsisçisi Tofiq Heydərov “AAAF Park Astara” layihəsini ölkə başçısına təqdim edib. Astara Şəhər İcra Hakimiyyətinin inşa etdiyi dənizkənarı bulvara bitişik olan bu kompleksdə bütün növ xidmətlərin olması barədə məlumat verilib. “AAAF Park Astara”nın həm də bir idman layihəsi olduğu vurğulanaraq qeyd olunub ki, bu layihə dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsinə dəstək məqsədi güdür.

Azərbaycanda dövlət tərəfindən idmana göstərilən böyük diqqət və qayğının nəticəsində ölkəmiz dünyada ön sıralarda yer alaraq öz mövqeyini qorumaqdadır. Bu siyasətə öz dəstəyini nümayiş etdirən şirkətimizin təsis etdiyi “Zirvə Beynəlxalq İdman Klubu”nun filialları arasında bu ilin avqust ayında ağır atletika üzrə “9-cu Dünya Kuboku” keçiriləcəkdir. Klubun filiallarının olduğu 12 dövlətdən gələn yüzlərlə ağır atlet məhz “AAAF Park Astara”da inşa edilən xüsusi villalarda yerləşdiriləcəklər. Hər ölkə üçün ayrıca villanın ayrılması, burada sanki yeni bir Olimpiya kəndinin qurulması fikrini ehtiva edir.

Astara şəhəri, Gənclər küçəsindəki 20 hektar ərazidə inşaası nəzərdə tutulan “AAAF Park Astara”da süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binalar- umumilikdə “AAAF Park Astara” layihəsi dövlət başçısının diqqətinə çatdırıldı.

Prezident İlham Əliyev layihədən razılığını dilə gətirərək, görülən və görüləcək işlərdən məmnunluğunu bildirib, tapşırıq və tövsiyələrini verdi.

SHARE