Prezident İlham Əliyev AAAF Park Astara ilə tanış oldu!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada AAAF Park Astaranın yerləşdiyi dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.

Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da yeni park, xiyaban, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Bu məsələyə Astarada da xüsusi diqqətlə yanaşılır. Buradakı AAAF Park Yaşayış Kompleksi çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir. Sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bu məkan, kiçik bir şəhərdə olan bütün obyektləri özündə ehtiva edir.

Bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Məlumat verildi ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzdi.

Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

2006-cı ildən rəsmən fəalliyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. İlk maddi dəstəyini 2001-ci ildə ümummili lider, mərhum prezident Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir. Klubun adı da təsadüfi seçilməmişdir. Belə ki, hələ 90-cı illərdə Azərbaycanda idmanın inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev ağır atletlərlə görüşmüş, onlara öz himayə və dəstəyini ifadə etmişdi. Görüşlərdən birində klubumuzun hazırkı prezidenti sabiq ağır atlet, idman ustası, müstəqillik dövrümüzdə çıxış etdiyimiz ilk Olimpiya Oyunları – 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərov da olub. Ümummilli lider Heydər Əliyevin “mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” sözü bu mənada həlledici rol oynamışdır. Tofiq Heydərov klubu yaradarkən mərhum prezidentin sözlərini əsas götürmüş, ad olaraq “Zirvə” seçərək sabiq dövlət başçımızın siyasətinə dəstəyini nümayiş etdirmişdir. Bu klub həmçinin idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur.

“Zirvə” İdman Klubunun Azərbaycanın bölgələrində böyük kompleksləri vardır. Lənkəran, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait qurulmuşdur. Klubumuzun mərkəzi bazası Xırdalan şəhərində, ərazisi 12 ha olmaqla 50 000 kv.m. qapalı sahəyə malik, möhtəşəm AAAF PARK Yaşayış Kompleksindədir. Klubun yüzə yaxın fərqlənən üzvləri burada mənzillə təmin olunmuşlar. Bundan başqa yüzə yaxın idman yarışları yüksək səviyyədə klub rəhbərliyi tərəfindən təşkil olunmuşdur.

Ağır atletika, cüdo, gimnastika, futbol, atçılıq, tennis və başqa növlər üzrə bölmələri olan “Zirvə” İdman Klubu beynəlxalq səviyyəyə çıxaraq planetar bir layihə – “Zirve İnternational Sport Clubs”-ın bir çox xarici ölkələrdə – Polşa, Gürcüstan, İran, Bolqarıstan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə, Moldova və Ukraynada filiallarını yaradılıb. “Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində ümummilli lider, mərhum prezident Heydər Əliyevin siaysətini layiqincə davam etdirən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idmana qayğı siyasətinə dəstək verilir və bu addımlar gələcəkdə də davam etdiriləcəkdir.

 

 

 

SHARE