Pauerliftinq üzrə Azərbaycan çempionatında yüzdən çox idmançı iştirak etdi – FOTOLAR+VİDEO

Sentyabrın 26-27-də AAAF Park Yaşayış Kompleksində Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirildi. Kompleksimizin əsas yarış zalında çox sayda idmansevərin izlədiyi bu yarış böyük marağa səbəb oldu. Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Abşeron yarımadasından ümumilikdə 105 atlet gücünü sınadı.
Ağırlıqqaldıranlar üç növdə – pauerliftinq, dedlift və benç-pressdə medal yarışına qoşuldular. Onlar bu hərəkətləri xüsusi geyimdə də yerinə yetirdilər ki, bu da ayrı bir yarış idi. Atletlər 12 çəki dərəcəsində qalibləri müəyyən etdilər. İdmançılardan 56-sı qızıl, 29-u gümüş, 16-sı bürünc medala sahib çıxdılar. Pauerliftinqçilər arasında mütləq çempionlar və komanda birinciliyində qaliblər də müəyyən edildi.
Artıq ikinci ildir ki, Kompleksimizdə təşkil olunan bu turnirin xüsusilə maraqlı keçməsinə səbəb yarışın noyabrın 9-14-də Portuqaliyada keçiriləcək dünya çempionatına seçmə xarakter daşıması idi. Bu çempionatda fərqlənənlər əsas turnirdə iştirak edə biləcəkdilər.
Yarış yüksək səviyyədə təşkil olundu. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də bunu xüsusilə vurğuladı. O, həm də bu növün inkişafın verdiyi dəstək üçün AAAF Park Yaşayış Kompleksinin təsisçisi və “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova təşəkkür etdi.

SHARE