Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib

AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə açıq Azərbaycan çempionatı keçirilib. Yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.

İlk öncə Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi yarışın təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Azərbaycan Pauerliftinq Federasiyasının (APF) prezidenti Ələddin Əliyev iştirak ediblər.

Zala toplaşanlar salamlandıqdan sonra alqışlar səslənib. Sonra nitq söyləmək üçün sözlər verilib.

İlk olaraq, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov çıxış edərək bildirib ki, bu kompleksdə artıq bir neçə mötəbər yarış təşkil olunub. O deyib ki, ölkəmizdə aparılan uğurlu idman siyasəti sayəsində pauerliftinq də xeyli inkişaf edib. Pauerliftinqin inkişafı Olimpiya idman növü olan ağır atletikanın da inkişafına təkan verir. Bunun nəticəsidir ki, azərbaycanlı ağır atletlər Las Veqas şəhərində Las-Veqas şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında 5 bürünc və bir qızıl medal qazanıblar.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, respublikamızda idmanın digər növləri kimi, ağır atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə çempionatların əhəmiyyətini vurğulayıb.

Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edən AGİN-in şöbə müdiri, Olimpiya çempionu Fərid Mansurov deyib: “Azərbaycan idmanı dövlətin diqqət və qayğısı sayəsində getdikcə inkişaf edir. Atletlərimiz uğurlarını artırmaqda davam edirlər. Azərbaycan idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarına, beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir”.

Sonra APF-nin prezidenti Ələddin Əliyev federasiyanın fəxri prezidenti Sevil Əliyevanın iştirakçılara təbrik məktubunu oxuyub.

Çıxışlar bitdikdən sonra yarış açıq elan olunub.Azərbaycan Respublikasının Dövlət Himni çalınıb.

Sonra Azər Əliyev, Tofiq Heydərov, Çingiz Hüseynzadə, Fərid Mansurov, Ələddin Əliyev və Raqif Abbasov Azərbaycan Pauerliftinq Federasiyasının təşəkkürnamələrini təqdim etmək üçün səhnəyə dəvət olunublar. Təltif olunanlar Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Pauerliftinq Federasiyasının vitse-prezidenti Azər Əliyev, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olub.

Sonra Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında yüksək səviyyədə təmsil etmiş bir qrup idmançı Azərbaycan Pauerliftinq Federasiyasının fəxri diplomları ilə təltif olunublar. Onlar Rüfət Ağayev, Vüqar Namazov, Mustafa Əhmədov, Hafiz Verdiyev, Rüstəm Musayev, Müşfiq Əliyev, Bəxtiyar Quliyev, Razim Hüseynov, Sevil Həsənova, Gündüz Məmmədov, Elmir Tarverdiyev, Ramil Əhməd, Rövşən Xəlilov, Ramin Rzayev, Şahin Eyvazov, Bayram Əliyev, Kamil Qafarov, Eldar Məmmədov, Zərifə Hüseynova və Vüsal Mərdanovdur.

Sonda Azərbaycan Pauerliftinq Federasiyasının sertifikatları təqdim edilib. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Bəhman Halimamamaqani, mütəxəssislər Qadir Babayev, Şəmsi Bayramov, Azad Mustafayev, Azər Mustafayev, Samir Məmmədov və Seymur Əsgərovu təltif edib.

Açılış mərasimi bitdikdən sonra yarışlar dedlift növü üzrə çıxışlarla davam edib.

Qaliblər fəxri fərman və diplomlarla mükafatlandırılıb.

SHARE