Novruzun son çərşənbəsi – “İlaxır çərşənbə”dir

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Sonuncu – “ilaxır çərşənbə”də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

İndiyə qədər Su, Od, Yel çərşənbələri arxada qalıb və bu axşam Torpaq çərşənbəsi, həm də bayram axşamı sevinclə keçiriləcək. İnanclara əsasən, təbiət torpağı su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Deməli, NOVRUZ bilavasitə təbiətin oyanışı, gecə-gündüzün bərabərliyi, zəhmətlə, əkinlə, halal ruzu qazanmaqla bağlı həyat tərzini özündə əks etdirən bayramdır.

Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir və bu münasibətlə açılan süfrə də fərqlidir. Belə ki, istər süfrədə çərşənbələrdə, istərsə də Novruz axşamında milli yeməklər, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələri bəzəməlidir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram sovqatı yığaraq onu qapıya qoyur, papaq yiyəsi öz sovqatını götürüb gedir.
Azərbaycan müstəqilliyə qovuşandan Novruz bayramı günləri qeyri-iş günü sayılır, paytaxtda və bölgələrdə ümumxalq şənlikləri və müvafiq bayram tədbirləri reallaşdırılır. Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hər il dörd gün ardıcıl olaraq rəngarəng bədii proqramlar həyata keçirilir, şəhər sakinləri və on minlərlə turistin marağına səbəb olan tədbirlər baş tutur.

SHARE