Murad Əliyev Avropa birinciliyinin qızıl medalçısıdır!

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi – Murad Əliyev və Kamil Nəbiyev yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırma hərəkətində 104 kq-ı ram edərək bu hərəkətdə 9-cu yeri tutub. Toplam 184 kq (80+104) nəticə ilə Kamil Nəbiyev birincilikdə 10-cu yerdə qərarlaşıb.

Murad Əliyev isə fəxri kürsüyə qalxıb. Birdən qaldırma hərəkətində 100 kq nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən Murad, 118 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kq (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gözəl qələbə münasibətilə idmançımız, həmçinin onun məşqçiləri və uğurda əməyi olan hər kəsi təbrik edir, vətənə növbəti qızıl medalı qazandırdığına görə təşəkkür edirik!

Uğurlarınız davamlı olsun!

SHARE