Moldovanın Gənclər və İdman Naziri “AAAF Park”da!

Avqustun 18-də Moldova Respublikasının Gənclər və İdman naziri Oktavian Bodiştyanu Bakıya rəsmi səfərə gəlib. O, azərbaycanlı həmkarı Azad Rəhimov ilə görüşüb. Mərasimdə Azərbaycanda idman və gənclər sahələrində görülən işlər, qazanılan uğurlar, ikitərəfli əməkdaşlıq və Bakının 2015-ci ildə ilk dəfə olaraq ev sahibliyi edəcəyi Avropa Olimpiya oyunlarına hazırlığı barədə söz açılıb. Səfəri çərçivəsində Oktavian Bodiştyanun Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Eyni zamanda moldovalı nazir Milli Gimnastika Arenası, Şağan Olimpiya Kompleksi, Olimpiya Stadionu, Su İdman Növləri Sarayı, Dövlət Bayrağı Meydanı, “Baku Kristal Holl” və Atletlər kəndi ilə tanışlıq keçirib.

Cənab Bodiştyanu dünən axşam saatlarında “AAAF Park Yaşayış Kompleksi”nə də baş çəkib. Müasir və zövqlü görünüş, orijinal memarlıq həlli, ailəvi yaşayış və istirahət üçün ideal məkan olan Kompleksimiz nazirin xoşuna gəlib.

Bodiştyanu “Zirvə İdman Kompleksi” MMC-nin təsisçisi Tofiq Heydərovla birlikdə əsas məqsədi sağlam həyat tərzinin təbliği olan “AAAF Park”dakı idman obyektləri ilə tanış olub, fitness və spa mərkəzi, cüdo və gimnastika zalı, futbol meydançaları, tennis kortu, ağır atletika məşq zalını gəzib. Daha sonra qısa müddət ərzində yüksək səviyyədə, fərqli memarlıq üslübunda inşa olunan yeni, möhtəşəm yarış zalına gələn nazir, heyrətini gizlədə bilməyib. Ağır atletlər üçün fantastik şəraitin qurulması, onların rahat məşq və istirahət etməsi üçün imkanların genişliyini, 700 nəfərlik tamaşaçı zalı, çıxış üçün ən müasir, milli ornament dizaynlı körpücük və fon, ən son ağır atletika avadanlıqları, texniki təminat və digər məqamlar Bodiştyanu üçün böyük sürpriz olub. O, “AAAF Park Yaşayış Kompleksi”nin bir məkan olaraq çox gözəl, idmançıların yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu bildirib. Səfərindən çox razı qalan moldovalı nazir yenidən Kompleksimizə gəlməkdən şad olacağını qeyd edib.

Əlavə edək ki, “Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs” (ZİSC) çərçivəsində Moldovada Avropa Mərkəzi Məşq Bazasının tikintisinə başlayıb. Razılaşmaya görə, bu baza paytaxt Kişinyovdan 30 km aralıda, 1 080 000 m2 ərazidə qurulacaqdır.

Bu məkan dünyanın ən böyük idman komplekslərindən biri olacaq, orada bir çox idman növləri üzrə yarışlar keçirmək mümkün olacaq. Burada mindən çox idmançı eyni zamanda məşq etmək şansı əldə edəcək. Bu kompleksin ətrafında da “AAAF Park Yaşayış Kompleksi”nin bənzərinin tikilməsi də nəzərdə tutulub.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE