Misir Ərəb Respublikasının səfiri AAAF Parkın qonağı olub

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri AAAF Park Yaşayış Kompleksinin qonağı olublar. Səfir cənab Adel İbrahim Ahmed İbrahim, onun müavini Hossam Başari və əməkdaş Mafəddin Hümmətovun səfərinin məqsədi hazırda burada təlim-məşq toplanışında olan ağır atletika üzrə Misir yığma komandasının üzvləri ilə görüş olub.

Beynəlxalq yarışlara ən yüksək səviyyədə hazırlıq üçün bütün şəraitə malik olan AAAF Parkda xarici milli komandaların gəlişi artıq xoş bir ənənə halını almaqdadır. İdmançıların məşq, bərpa, qidalanma, istirahət və əyləncəsi üçün gərəkli məkanların bir arada olması, kompakt və effektiv çalışma, yarış planlaşdırılması üçün çox əlverişlidir.

Səfir Adel İbrahim AAAF Parkı gəzərək gördüklərindən razı qaldığını qeyd edib. O, Misir yığma komandasının üzvləri ilə görüşdə onların məşqlərinin gedişi, hazırlıq durumu, həmçinin problemləri ilə maraqlanıb. Onlar hər şeyin yaxşı olduğunu, heç bir çətinliklərinin olmadığını, yarışlara yaxşı hazırlaşmaq üçün gərəkən hər imkanın burada yaradıldığını bildiriblər. Atletləri qonaq edən tərəfin çox qonaqpərvər və dost münasibəti qeyd edilib. Səfir də öz növbəsində həm Kompleks, həm də Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

SHARE