Məşhur meyxanaçı və rejissor AAAF Park-da görüşdü: “Buraya daxil olanda sanki bir aləmdən başqa aləmə düşdük”

Məşhur meyxanaçı və rejissor AAAF Park-da görüşdü: “Buraya daxil olanda sanki bir aləmdən başqa aləmə düşdük”

“Məşhurlar AAAF Parkda”rubrikasının budəfəki qonaqları məhşur meyxanaçı Elşən Xəzər və  rejissor Samir Kərimov oldu.

  • Elşən bəy, sizi xoş gördük. AAAF Parka ilk dəfədir gəlirsiniz. Təəssüratlarınızı bilmək istərdik…
  • Əvvəla, hamınızı xoş gödük. Buraya daxil olanda sanki bir aləmdən başqa aləmə düşdük. Belə məkanların Azərbaycanda olması çox gözəl bir hisdir. Bayaqdan baxırıq, çox xoşuma gəldi. Hətta bu fikrə gəlmişəm ki, buraya köçüm. Çox yüksək səviyyədədir. Restoranlar, mağazalar… Burada hər şey var. Adam bura girə, daha çıxmaya.
  • Bir ara səhnəyə az çıxdınız. Son zamanlar vətənpərvər fəaliyyətə üstünlük verirsiniz. “Şəhidlər” klipinizi izləmək imkanımız oldu. İstiqamətinizi dəyişmisinizmi?
  • Səhnədə görünməməyimin səbəbi səhhətimlə bağlı idi. İstiqamət də dəyişib. Əvvəllər sevgidən yazardıq. Amma indi o dövr keçib. İndi vətən sevgisi, islam dini və digərlərini insanların qəlbində oyandırmağa çalışırıq. Məsələn, Allaha sevgi, düzgün seçim, islamda hər şeyin düz olması… Allaha olan sevgi insan qəlbində yer tutsa, əlbəttə ki, vətən sevgisi də olacaq. Qarşımıza bu missiyanı qoymuşuq. Bunu insanların nəzərinə nə qədər çatdırsaq, o qədər effektli olar.
  • Meyxana sahəsində bugünkü reallıq necədir? Sizə elə gəlmir ki, hər sözü söz dalınca deyən meyxanaçı olmaq istəyir?
  • Hər bir sahədə boşluq olur. Bu, ustadların yaşlanması ilə əlaqədardır. Sənətdən bir az geri çəkilən kimi boşluq yarandı. Əsl sənəti bilənlər o boşluğu dolduranda keyfiyyətli olur. Yoxsa, qafiyəpərvazlar araya daxil olanda o yer tarixdə boş qalır. Xəqani Şirvani, onun yerini doldura bilən adam Nizami Gəncəvi, ondan sonra Nəsimi, Füzuli oldu. Meyxanada da pillələr oldu. Ağasəlim, Molla Məmməd, Nizami, Rəmzi dünyadan getdi və onların yerini, Kərim, Ağamirzə, Məşədi Baba, Elçin və başqaları doldurdular. Və bundan sonra yenə ortalığa bir kütlə çıxdı -Namiq Qaraçuxurlu, Aydın Xırdalanlı, Mehman Əhmədli, biz… Biz bir az geriyə çəkildik və boşluq yarandı. Amma boşluq tam yaranmadı. Cavanlardan Rəşad Dağlı, Vasif Əzimov, Vüqar Biləcərili və başqa gənclər bu boşluğu biraz doldurublar. Amma 10 nəfərin çəkilib, 3-4 nəfərin gəlməyi ilə boşluq görsənir. 10 nəfərin yerini gərək 10 nəfər doldursun. Orxan, Cəlil, Pərviz Bülbülə də gəlir. Ümid edirik ki, boşluqlar dolacaq. Çalışacağıq ki, boş yerlər qalmasın.
  • Elşən Xəzər, sizin ustadınız kimdir?
  • Mənim ustadım Mehman Əhmədli olub. Hər yerdə demişəm. Düzdü, biz həmyaşıdıq. Amma mən meyxana aləminə gec daxil oldum. İstedad var idi, sadəcə, baş qoşmurdum. Atam ticarətçi olub, biz ticarətlə məşğul olmuşuq. Bu təb var idi, ancaq istəmirdim bu sahədə tanınım. Bəhrləri, qafiyələri və nəyin necə olmasını Mehman mənə 2-3 ilə öyrətdi. O mənə deyir ki: “Mən sənin ustadın yox, qardaşınam”.
  • Filmlərdə çəkilmək üçün yeni təkliflər alırsınız. Daha öncə də bu olubmu?
  • 9 il əvvəl Samir Kərimov bir film çəkdi. Mən də orada yer almışdım. Mənim fikrimcə, Azərbaycanda 1 nömrəli rejissor Samir Kərimovdur. O, rejissor kimi aktyoru o rolda görməsə, lap qardaşı da olsa, onu o rola çəkməyəcək. Mən özüm heç vaxt Samirə məni filmə çəkməsini deyə bilmərəm. O, özü məni o rola uyğun bilsə, çəkəcək. Bilmirsə, çəkməyəcək. İndi bir film var, Samir məni dəvət edib.

Söhbətimizi rejissor Samir Kərimovla davam etdirdik.

  • Xoş gördük, Samir bəy. Bir rejissor kimi AAAF Park haqqında nə deyə bilərsiniz?
  • 2 il ərzində AAAF Parkda 3 dəfə olmuşam. Çəkilişlər etmişik, AAAF Parkın təsisçisi Tofiq Heydərovla görüşlərim olub. O çox saf və düzgün insandır. 9 ildən sonra Elşən Xəzərlə birlikdə bir film də çəkmək istəyirik. Birinci filmdə çılğın Elşən Xəzər var idisə, bu dəfə daha müdrik bir Elşən Xəzəri çəkirəm.
  • Filmi ilin sonunda görə biləcəyikmi?
  • Filmi ilin sonuna qədər hətta kinoteatrlarda nümayiş etdirmək fikrimiz var. Tez bitirmək istəyirik, çünki başqa layihələrimiz də var. Tofiq Heydərova təşəkkürümüzü bildiririk ki, hər zaman bizə şərait yaradır, dəstək olur. Bu dəfə də çox güzəşt elədi. Film çəkilişi zamanı pavilyon məsələsi əsasdır. Tofiq bəy isə bizə bütün qapıları açıb ki, buyurun. Sənətə böyük önəm verir. Bu da bizim üçün çox önəmlidir. Biz də onun etimadını doğrultmağa çalışırıq.
  • Bu yaxınlarda “Xoxan” filmi təqdim olundu. Çox da məşhurlaşdı. Təbii ki, sizin əziyyətiniz sayəsində… Bir rejissor olaraq bu dərəcədə sevilməsini gözləyirdinizmi?
  • Düzü, bu qədər sevilməsini gözləmirdim. Film dekabrın 11-dən artıq bütün kinoteatrlarda yayımlanır. Reytinqlərdə birincidir, getdikcə də artır. Təkrar-təkrar gedib baxırlar. Bu filmə baxmaq attraksionda oynamaq kimidir. Girib filmə baxıb çıxırsan, onun təsiri altında qalırsan. İnsan o əhval-ruhiyyəni sanki bir attraksion həzzi kimi yaşayır. Bu da bizim üçün çox önəmlidir.
  • Təşəkkür edirik, sağ olun
  • Biz təşəkkür edirik.

Müsahibəni aldılar : Rüfət Nadirli, Elnarə Hüseynova

SHARE