Karateçilər 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında çıxış etdilər

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə karateçilərə çatıb.

Azərbaycanın bütün bölgələrindən 30-dan çox klubu təmsil edən 400-ə yaxın idmançının çıxış etdiyi möhtəşəm karate yarışı da izlənilməyə dəyərdi. Yüksək səviyyəli təşkilatçılıq fonunda gözəl mübarizə, tatami üzərinə çıxanların yaşının az olmasına baxmayaraq böyük rəqabət, sona qədər döyüşmək istəyi, baxımlı çıxışlar turniri izləyənlərdə xoş təəssüratlar oyatdı. Yarışın qonaqları içərisində Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da olub. O, döyüşləri izləyib, medal təltifi mərasimində iştirak edib. Bəşirov yarışların yüksək səviyyəli təşkilini, böyük perspektiv vəd edən karateçilər üçün belə turnirlərdə iştirakın vacibliyini qeyd edib.

Qeyd edək ki, karate yarışları ayrı-ayrılıqda 5 yaş, 6-7 yaş, 8-9 yaş, 10-11 yaş və 12-13 yaş qruplarına müxtəlif çəki dərəcələrində keçirildi. Qalib və mükafatçılar layiqli şəkildə fəxri kürsüyə qalxdılar. Onlara medal, diplom və xüsusi hədiyyələr təqdim olundu.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

SHARE