İlk qrupda Əliyev Füqan qalib oldu!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnirində ilk qrupda qaliblərin adları məlum olub. Körpücük üzərinə yaşı 14-ə qədər olan atletlər çıxıblar.

Gözlənildiyi kimi, tamaşaçılar körpücük üzərində maraqlı mübarizə izlədilər. Xüsusilə “Zirvə” atletləri fərqləndilər. Lerik idmançısı Əliyev Füqan 198 (88+110) kq nəticə ilə 312,1 Sinkleyr xalı toplayıb və qızıl medal qazanıb.

Gümüş medal 191 kq (81+110) nəticə və 311,6 xalla “Şamaxı-Zirvə” atleti Hüseynov Elməddinə qismət olub. Bürünc medala isə 259 kq (118+141) nəticə və 300.45 xalla “Təhsil” atleti Ümidvar Bayramlı sahib çıxıb.
Təbrik edirik!

Sayca 15-ci olan bu turnir ilk dəfə beynəlxalq status daşıyacaq. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Zirvə İnternational Sport Clubs MMC tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi bu təşkilatlar tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur. Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, ilk dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak etmək hüququ olacaqdır. Yarışda Azərbaycanla yanaşı, daha 6 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.

Ağır atletika üzrə turnir üç yaş qrupu 13-14 yaş, 15-16 yaş və 17-18 yaşlarda, müvafiq beynəlxalq qaydalar üzrə keçiriləcək və şəxsi birincilik xarakteri daşıyacaq, qaliblər hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.

Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Zirvə İnternational Sport Clubs” MMC tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klubu bu turnirə həmişə xüsusi diqqətlə yanaşmış, onun ən yüksək səviyyədə keçirilməsinə səy göstərmişdir. Ötənilki yarışda qəhrəmanımızın həyat yoldaşına AAAF Park Yaşayış Kompleksində mənzil hədiyyə edilməsini də bu addımlardan biri kimi qeyd etmək olar. Builki yarışın da beynəlxalq statusa qaldırılması nüfuzunun artırılması, Azərbaycan ağır atletikasının inkişafına dəstək olmaq və Şahbazovun xatirəsinin bir daha yad olunması baxımından böyük əhəmiyyət daşıyacaqdır.

SHARE