Hasan Akkuş: “İslam Həmrəyliyi Oyunlarında təşkilatçılıq yüksək səviyyədədir”

IV İslam Həmrəylik Oyunları çərçivəsində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışlar davam edir. Yarışı izləyənlər arasında Beynəlxalq Ağır Atletika Federasiyasının Qitələrarası Komissiyasının üzvü, türkiyəli Hasan Akkuş da var. O, AAAF TV-yə müsahibə verib və təşkilatçılıq səviyyəsindən razı qaldığını bildirib:
“Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirik. I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılıq yüksək səviyyədədir. Açılış mərasimi çox gözəl idi. İdman zalları, otellər və şəhərinizin gözəl görünüşü də hər kəsi heyran edir. Yarışı izləməyə gələnlər gördüklərindən çox məmnundurlar. Dünya, Avropa çempionatları, Olimpiadalarda olmuşam, təşkilatçılıq səviyyəsinə şahidlik etmişəm. Deyə bilərəm ki, İslam Oyunları təşkilatçılığı onların heç birindən geri qalmır. Azərbaycan çox sürətlə inkişaf edən, dəyişən ölkədir. Ölkə hakimiyyətinin diqqəti, eyni zamanda insanların böyük işlərin öhdəsindən gəlmə qabiliyyəti, böyük qonaqpərvərlik xüsusi vurğulanmalıdır. Çoxlu ölkə, idmançı qatılıb yarışlara. Medalları həm Türkiyə, həm də Azərbaycan qazanır, birlikdə sevinirik. Təşkilatçılıqda isə həmişə deyirəm: siz təşkil edirsiz, biz qürur duyuruq. Azərbaycan bundan daha yaxşısını da etməyə hər zaman, hər an hazırdır”.

SHARE