Hacıbaba Əskərovun xatirəsinə həsr olunan Respublika turniri başa çatıb

AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunan ağır atletika üzrə Respublika turniri keçirilib. Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edib. Qadınların yarışı maraqlı mübarizəliyi ilə diqqət çəkib. mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq Lalə Rzazadə və Anna Opanasyuk tutub. Kişilərin mübarizəsində Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. Sonrakı pillələrdə müvafiq olaraq Sənan Quliyev və Füqan Əliyev qərarlaşıblar. Körpücük üzərinə ustadlar da çıxıb. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb.  Gümüş medalı Sərdar Quliyev, bürünc medalı isə Akif Alıyev boynundan asıb. Turnirin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova AAAF TV-yə müsahibə verərək yarışın təşkilatçılarına ailə adından təşəkkürünü bildirib və artıq ikinci dəfədir keçirilən belə bir xatirə turnirinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Bildirək ki, yarışda qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

SHARE