Hacıbaba Əskərovun anadan olmasının 100 illik yubileyi qeyd olunub

Milli Olimiya Komitəsinin (MOK) Konfrans zalında Azərbaycan ağır atletikasının ən tanınmış nümayəndələrindən biri, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, görkəmli idman xadimi Hacıbaba Əskərovun anadan olmasının 100 illik yubileyi tədbiri keçirilib. MOK tərəfindən təşkil olunan, Azərbaycan Respublikasının Gənclər və İdman Nazrliyi (AGİN) və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) dəstəyi ilə keçirilən “Dəmir iradəli insan” mövzusundakı mərasim böyük rəğbətlə qarşılanıb.

Yubiley tədbirində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov, AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyev, veteran və hazırda fəaliyyətlərini davam etdirən idmançılar, məşqçilər, hakimlər, idman ictimaiyyətinin digər nümayəndələri, mərhumun ailə üzvləri və Kütləvi İnformasiya Vasitələri iştirak ediblər. Tədbiri Çingiz Hüseynzadə giriş sözü ilə açıq elan edib.

O, ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, bu prosesə Prezident İlham Əliyevin şəxsən nəzarət və başçılıq etdiyini, bunun da nəticəsində böyük uğurlar qazanıldığını qeyd edib. Hüseynzadə Azərbaycan idmanda özünəməxsus yeri olmuş şəxslərdən birinin də Hacıbaba Əskərov olduğunu bildirib, onun xidmətlərini xüsusi vurğulayıb, xatirəsinin daima yad olunduğunu diqqətə çatdırıb. Sonra söz Əməkdar Məşqçi, ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Azad Mustafayevə verilib. Natiq çıxışında Hacıbaba Əskərovun həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Çıxışdan sonra MOK baş katibinin müavini, AAAF-ın vitse-prezidenti Azər Əliyev, federasiya adından yubilyarın kiçik qızı Gülarə Nərimanovaya Hacıbaba Əskərovun xalça-portretini və xatirə hədiyyələri təqdim edib. Gülarə Nərimanova AAAF TV-yə müsahibəsində belə bir yüksək təşkilatçılığa görə MOK-a, AGİN-ə və AAAF-a öz dərin minnətdarlığını bildirdi, əlavə etdi ki, ağır atletika veteranlarına yardım fondunun yaradılması çox yaxşı olardı.

Bu həm də gənc nəslin özündən əvvəlki nəslə hörmət və təşəkkür əlaməti kimi dəyərləndirilərdi. Tədbirdə Veteran ağır atlet, hakim və məşqçilərdən Mamed Useynov, Yuri Ryabov, Namiq Nəcəfov, Qubad Cəbrayılov, Cəbrayıl Cəbrayılov, və Mirzə Hüseynovun çıxışları da dinlənilib. Sonda Əskərovun qohumları, həmçinin kürəkəni Akif Nərimanov çıxış edərək bu tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər. Görkəmli idman xadimi Hacıbaba Əskərovun xatirəsinin bundan sonra da yad edilməsi üçün beynəlxalq və ya Respublika səviyyəli ağır atletika turnirinin təşkil edilməsi təklif olunub. Tədbirin bütün iştirakçılarına MOK, AGİN və AAAF-ın birgə hazırladığı, Hacıbaba Əskərovun həyatına həsr olunmuş, yeni çapdan çıxmış “Dəmir iradəli insan” kitabı da təqdim edilib.

SHARE